Almaniya Silahlı Qüvvələri Çin avtomobillərinin mühafizə olunan hərbi obyektlərin ərazisinə girişini qadağan edib.
Liderxeber.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Məhdudiyyətlərin BYD, “Geely” və NIO markalarına şamil edildiyi bildirilir. Məlumata görə, bu brendlərdən avtomobilləri olan hərbi qulluqçulara nəqliyyat vasitələrini hərbi hissələrdən kənarda saxlamaq tapşırılıb.
Bu tədbirlərə səbəb isə casusluqla bağlı narahatlıqlardır.
Eyni zamanda Almaniyanın Müdafiə Nazirliyi DJI daxil olmaqla Çin istehsalçılarının kommersiya dronlarının istismarını dayandırmağı əmr edib. Belə ki, nazirlik bu dronların Çinin xüsusi xidmət orqanlarına məxfi məlumatlar ötürə biləcəyindən ehtiyatlanır. Mövcud sistemləri milli və ya Avropa istehsalı olan məhsullarla əvəz etmək planlaşdırılır.
Nəşrin məlumatına görə, daha əvvəl hərbi hissə komandirləri sadələşdirilmiş sxemlə kommersiya dronları ala bilirdilər. İndiyədək ordunun ehtiyacları üçün bir neçə min dronun alındığı, lakin onların mərkəzləşdirilmiş uçotunun aparılmadığı bildirilir.
Casusluq faktlarının müəyyən edilib-edilmədiyi isə hələ açıqlanmayıb.