Вернуться назад Распечатать

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

“Xəstəxananın dəhlizində qıcolma keçirdim, ağzımdan köpük gəldi, üç dəfə stasionar müalicə zamanı tutma yaşadım. Bütün bunlara baxmayaraq, əlilliyimin qiymətləndirilməsi üçün göndəriş ala bilmirəm”.

Bu şikayətlə Liderxeber.az-a ağır xroniki xəstəliklərdən əziyyət çəkən Mingəçevir şəhər sakini Yeganə Məmmədova müraciət edib.

Vətəndaşın sözlərinə görə, o, uzun müddətdir epilepsiya, emosional-astenik pozuntu və fəqərəarası disk yırtığından əziyyət çəkir, lakin əlilliklə bağlı zəruri olan Forma-88 sənədinin rəsmiləşdirilməsindən imtina edilir: “Xəstəliklərim gündəlik həyatıma və əmək qabiliyyətimə ciddi təsir edir. Bu ilin 12-22 yanvar tarixlərində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında stasionar müalicə aldığım müddətdə üç dəfə kəskin qıcolma keçirmişəm. İyulun 28-i xəstəxananın Həkim-Məsləhət Komissiyası (HMK) sədrinin otağının qarşısında da epileptik tutma keçirdim. Hadisənin video və fotogörüntüləri də var. Buna baxmayaraq, komissiya avqustun 3-də əlilliyin qiymətləndirilməsi üçün tibbi əsasların formalaşmadığını bildirərək barəmdə tamamilə əsassız, reallıqdan uzaq və qanunsuz şəkildə göndərişin rəsmiləşdirilməsindən imtina etdi. Bu qərar əsassızdır, təqdim etdiyim tibbi sənədlər nəzərə alınmır”.

Problemlə əlaqədar TƏBİB-ə ünvanladığımız sorğuya belə cavab aldıq: “Vətəndaş Məmmədova Yeganə Məhəmməd qızının əlillik məsələsi ilə bağlı müraciəti araşdırılıb və məlum olub ki, onun tibbi sənədləri və müayinələrinin nəticələri ilə obyektiv müayinə nəticələri arasında uyğunsuzluq olması səbəbindən Forma-88 sistemə daxil edilə bilinməyib.

Bu barədə komissiya üzvləri tərəfindən pasiyent məlumatlandırılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə imtina aktı təqdim edilib”.