Вернуться назад Распечатать

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirildi - Fotolar

Bu gün Azərbaycan Milli QHT Forumunda “Azərbaycan Kəlağayısı Günü”nə həsr olunmuş “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, Mirzə Ələkbər Sabir Fondunun təşəbbüsü ilə təşkil olunan tədbir milli-mənəvi irsimizin nadir incilərindən olan kəlağayı sənətinin təbliğinə həsr olunub.

Tədbirdə ölkənin fəal gəncləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, BDU-nun Biologiya fakültəsinin tələbələrindən ibarət “Xarıbülbül” klubunun üzvləri iştirak ediblər.

Görüşün proqramı çərçivəsində iştirakçılara ənənəvi kəlağayı sənətinin incəliklərini və qədim hazırlanma texnologiyasını əks etdirən film nümayiş etdirilib. Eyni zamanda, tədbir iştirakçıları üçün qədim kəlağayı nümunələri, kəlağayının ərsəyə gəlməsində istifadə olunan tarixi taxta qəliblər (möhürlər) və təbii xam ipək saplardan ibarət əyani sərgi təqdim olunub. Bu ekspozisiya gənclərə əsrlər boyu formalaşmış basmanaxış texnikasını yaxından görmək və sənətkarlıq prosesini əyani şəkildə öyrənmək imkanı yaradıb.

Tədbirdə kəlağayının Azərbaycan xalqının mədəni yaddaşındakı yeri, onun daşıdığı dərin fəlsəfi və mənəvi dəyərlər barədə çıxışlar edilib.

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxışında kəlağayının keçmişdən bu günə ötürülən əmanət olduğunu bildirib: “26 noyabr Azərbaycan Kəlağayısı Günüdür. 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildikdən sonra bu günü böyük fəxrlə qeyd edirik. Kəlağayı bizim milli irsimizin nümunəsidir və sadəcə qadın örtüyü deyil. Əslində, bu, keçmişdən bu günə gələn bir əmanətdir. Babalarımızdan, nənələrimizdən bizə ötürülmüş irsdir. Bu gün bizim borcumuz həmin əmanəti gənc nəslə, xüsusilə də gələcək nəsillərə etibarla və sevərək ötürməkdir”.

S.Tahirli qeyd edib ki, milli irsə sevgi məcburiyyətlə formalaşa bilməz, bu bağlılıq insanın daxilindən gəlməlidir: “Bu sevgi məcburiyyətlə olmaz. Gərək insanın ürəyindən gəlsin, onun qəlbində bir hiss yaratsın ki, o, bu irsi mənimsəsin. Mənimsədikdən sonra isə sevəcək. Bugünkü görüşümüz, gənclərlə söhbətimiz məhz bu məqsədə yönəlib. Bu gün iştirak edən gənclərin üzərində kəlağayı görmək həm qürurvericidir, həm də sevinc gətirir. Otuz-qırx il bundan əvvəl düşünə bilərdikmi ki, kəlağayı həyatımıza bu qədər yaxın olacaq? 1990-cı, 2000-ci və 2010-cu illərdə gənclər arasında kəlağayıdan istifadə o qədər də geniş yayılmamışdı. Amma bu gün tələbələrimizdə, gənclərimizdə, eləcə də yaşlı insanlarda kəlağayının zərifliyini, incəliyini bir irs və dəyər kimi üzərlərində daşımaq, bununla fəxr etmək istəyi yaranıb”.

Həmçinin gənclər və tələbələr öz təəssüratlarını bölüşüb, milli irsin müasir dövrdə yaşadılması ilə bağlı fikirlərini səsləndiriblər. Tədbirin keçirilməsində əsas məqsəd UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan kəlağayı sənətini gənc nəslə daha yaxından tanıtmaq, bu qədim ənənənin unudulmasının qarşısını almaq və gənclərdə milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirmək olub.

Kəlağayının hazırlanma texnologiyasının və mənəvi mahiyyətinin öyrənilməsi gənclərin öz mədəni köklərinə sahib çıxmasına, milli brendlərimizin beynəlxalq müstəvidə düzgün təbliğinə və mədəni irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.