“SalamNews” informasiya agentliyi və “İnteraz”ın çoxsaylı cinayətlərdə ittiham olunan rəhbəri Mətləb Bağırova hökm oxunub.
Liderxeber.az-ın məlumatına görə, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə ittiham edilib.
Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər müttəhimi ittiham edildiyi bütün maddələrlə təqsirli bilib.
Hökmə əsasən, M.Bağırov 12 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını başa vurduqdan sonra 3 il jurnalist fəaliyyəti ilə məşğul ola bilməz.