Sumqayıtda vəzifəsindən ayrılan Elnur Azadxanovdan ilk açıqlama
Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru Elnur Azadxanov vəzifəsindən ayrıldığını sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə təsdiqləyib.
Liderxeber.az xəbər verir ki, Elnur Azadxanov bildirib ki, dünəndən etibarən Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini tərk edib.
O qeyd edib ki, bu vəzifəyə 2020-ci ilin əvvəllərində, COVID-19 pandemiyasının başladığı dövrdə təyin olunub və iki ilə yaxın müddətdə pandemiya ilə mübarizə çərçivəsində COVID xəstəxanasının fəaliyyətinə rəhbərlik edib.
Elnur Azadxanov paylaşımında 44 günlük Vətən müharibəsi dövründə yaralıların müalicəsinin təşkili, şəhidlərin dəfn mərasimlərinin koordinasiyası, eləcə də ölkədə icbari tibbi sığorta sisteminin və yeni xəstəxana idarəetmə modelinin tətbiqi istiqamətində görülən işlərdən də bəhs edib.
O vurğulayıb ki, fəaliyyət göstərdiyi müddətdə hər bir xəstəyə həssas yanaşmağa çalışıb və bundan sonra da Azərbaycanın inkişafına, insanların sağlamlığına xidmət etməyə davam edəcəyini bildirib.
Sabiq direktor paylaşımının sonunda ona göstərilən etimada görə dövlətə və ölkə rəhbərliyinə təşəkkür edib, birlikdə çalışdığı həmkarlarına və bütün vətəndaşlara minnətdarlığını və hörmətini ifadə edib.
