Pressa.az » Siyasət » Daşkənddə Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirilib

Daşkənddə Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirilib

11 iyun 2025, Çərşənbə, 14:04
Daşkənddə Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirilib

Azərbaycanın Baş naziri Əli Əsədov və Özbəkistanın Baş naziri Abdulla Aripov iyunun 11-də Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefini ziyarət ediblər.

Liderxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Baş nazirlər barelyefin önünə gül dəstələri qoyublar, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 11-də Daşkənddə Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi məmnunluqla vurğulandı. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət səfərləri zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı yeni istiqamətlərin müəyyən edildiyi bildirildi.

Dövlət başçıları tərəfindən verilən tapşırıqların icrasının təmin edilməsi üçün hökumətlər xətti ilə sıx işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulandı.

Cari ilin Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlamətdar olduğu diqqətə çatdırıldı. Ötən dövr ərzində dövlətlərarası münasibətlərin ardıcıl şəkildə hərtərəfli inkişaf etdiyi məmnunluqla qeyd edildi. Ali səviyyədə qarşılıqlı səfərlər və görüşlər, bu səfərlər zamani imzalanmış ikitərəfli sənədlər bu uğuru təmin edən əsas amil kimi dəyərləndirildi. Son üç ildə ali səviyyədə on qarşılıqlı səfər baş tutub - Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev hər biri beş səfər edib.

Qeyd edildi ki, dövlət başçılarının ardıcıl birgə səylərinin məntiqi nəticəsi olaraq 2024-cü ildə Müttəfiqlik Münasibətləri haqqında tarixi Müqavilə imzalanıb.

Eyni zamanda Özbəkistan Prezidentinin yaxın zamanlarda ölkəmizə növbəti dəfə səfər edəcəyi vurğulandı.

Azərbaycan və Özbəkistanın regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətinə toxunularaq, qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu. Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq xüsusi qeyd edildi.

Ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirildi. Bildirildi ki, 2024-cü ildə qarşılıqlı ticarət 41% artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birinci rübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.

İyunda Azərbaycanda Hökumətlərarası birgə komissiyanın 14-cü iclasının keçiriləcəyi diqqətə çatdırıldı.

Ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair 2024-2025-ci illər üçün Yol xəritəsinin icrasının uğurla davam etdirildiyi vurğulandı.

Sevindirici haldır ki, birgə layihələrlə bağlı əldə olunmuş razılaşmaların praktiki icrası təmin olunur.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun xətti ilə hazırda 10-dan çox perspektivli layihənin nəzərdən keçirildiyi diqqətə çatdırıldı. Bu layihələr təhsil, tikinti materiallarının istehsalı, toxuculuq sənayesi, logistika, yüngül və yeyinti sənayesi sahələrini əhatə edir.

Sənaye kooperasiyasında səmərəli qarşılıqlı fəaliyyətin nəticələri təqdir edilərək bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi planlarına dair fikir mübadiləsi aparıldı.

Bərpa olunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək, Azərbaycanın Özbəkistan və Qazaxıstanla birgə Avropaya yaşıl enerji təchizatı marşrutunun yaradılmasını hədəflədiyi məmnunluqla qeyd edildi.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə bəhs olundu. Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşasına görə Özbəkistan tərəfinə minnətdarlıq bildirildi. Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin açılışının önəmi qeyd edildi.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirildi. İki ölkə arasında tranzit daşımalarının 2024-cü ildə 18%-dən çox artdığı bildirildi. Orta dəhlizin əhəmiyyəti vurğulanaraq Özbəkistan tərəfi bu dəhlizin imkanlarından daha fəal istifadə etməyə dəvət edildi.

Bununla yanaşı gəmiqayırma sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı.

Humanitar və mədəniyyət sahələrində əlaqələrin nəticələri təqdir edildi. 2023-cü ildə Bakıda Özbəkistanın Mədəniyyət Günləri keçirilib. Ötən il isə Özbəkistanda Azərbaycanın Mədəniyyət Günləri təşkil edilib.

Regionlararası əlaqələrin əhəmiyyətinə toxunularaq iki ölkənin 10 şəhəri arasında qardaşlaşma haqqında sənədlərin imzalanması müsbət qiymətləndirildi.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.

Pambıqçılıq klasterlərinin yaradılması, sosial və kommersiya obyektlərinin inşası, tikinti materiallarının istehsalı, neft-qaz sənayesi, kənd təsərrüfatı, maliyyə sektoru, nəqliyyat-tranzit, gəmiqayırma, təhsil və bir sıra digər istiqamətlərdə perspektivli layihələr nəzərdən keçirildi.