Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik olunub.
Liderxeber.az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edilib.
Mövud qanunvericiliyə görə, İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki sədr müavinindən ibarətdir.
Yeni qərara əsasən isə, İdarə Heyətinə təyinatları Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla, Naxçıvan Muxtar Respublikasının baş naziri həyata keçirəcək.
Həmçinin agentliyin illik hesabatı Respublikanın Nazirlər Kabinetinə təqdim olunacaq.
Daha əvvəl bu hesabat Ali Məclisin sədrinə təqdim edilirdi.
Qeyd edək ki, hazırda Naxçıvan Ali Məclisinin sədr səlahiyyətlərini Bəxtiyar Məmmədov icra edir. Naxçıvanın Baş naziri isə Cabbar Musayevdir.
