Вернуться назад Распечатать

Məhkəmədə səhhəti ilə bağlı ölkədən çıxmalı olduğunu dedi

Ev dustaqlığında olan ukraynalı milyonçu Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Liderxeber.az-ın məlumatına görə, bu gün keçirilən məhkəmə iclasında tərəflər arasında mübahisəli məsələlər müzakirə olunub və bir sıra qaranlıq məqamlara aydınlıq gətirilib.

Yekun olaraq tərəflər arasında hər hansı barışığın əldə edilmədiyi bildirilib.

Prosesin davamında iş üzrə zərərçəkmiş şəxs – Zaxarenkov Valeriy Nikolayeviç tərəfindən qaldırılmış mülki iddialardan söz açılıb. O, Antonoviçdən 6 milyon 500 min manat məbləğində maddi ziyan, həmçinin Bakinski ilə ikisindən ümumilikdə 50 min manat mənəvi təzminat tələb edir.

Dövlət ittihamçısı Tural Yaqubov deyib ki, mülki iddia ilə bağlı bəzi suallar ortaya çıxıb və bu məsələ Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi İdarəsində də əlavə araşdırma zərurəti yaradıb: “Bu gün istintaq bitsə, bizim tərəfdən əlavə suallar yarana bilər. Belə olan halda istintaq yenilənməlidir. Ən yaxşısı proses istintaq bitmədən təxirə salınsın”.

Bu səbəbdən istintaqın bu gün başa çatdırılması məqsədəuyğun sayılmayıb.

Oleq Bakinski isə məhkəmə araşdırmasının tez yekunlaşmasında maraqlı olduğunu bildirib. O, səhhəti ilə əlaqədar ölkədən çıxmağa ehtiyac yarandığını və bu halı nəzərə alaraq növbəti iclasın yaxın tarixə təyin edilməsini istəyib.

Məhkəmə hələlik növbəti iclasın vaxtını elan etməyib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

İttihama görə, təqsirləndirilən şəxslər Bakıdakı ofislərin birində Nikolayeviçə xəsarət yetiriblər. K. Konstantin, həmçinin “Avıazapçast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-yə qarşı dələduzluq əməllərində ittiham olunur.

Xatırladaq ki, Bakıda həbs olunan Oleq Krapivin (Oleq Bakinski) barəsində seçilmiş həbs qətimkan tədbiri mayın 6-sı ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.