İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ISNA xəbər agentliyinə müsahibəsində yaxın aylarda Araz çayı üzərində yeni sərhəd-keçid məntəqəsinin istifadəyə veriləcəyini bildirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Səfirin sözlərinə görə, iki ölkə arasında ötən il qeydə alınan 700 milyon dollarlıq rəsmi ticarət dövriyyəsi faktiki mübadilə həcmini tam əks etdirmir.
Dəmirçilu qeyd edib ki, sərnişin axını və yükdaşımalarının çoxluğu real mübadilələrin rəsmi rəqəmlərdən xeyli yüksək olduğunu göstərir.
Səfir iki ölkə arasında əməkdaşlığa nəzarət edən Birgə iqtisadi, texniki, elmi və mədəni əməkdaşlıq komissiyasının fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd-keçid məntəqələrinin aktiv işlədiyini, gömrük xidmətləri arasında birbaşa əlaqələrin mövcud olduğunu bildirib. Səfir, habelə İran, Azərbaycan və Rusiya arasında üçtərəfli gömrük əməkdaşlığı üzrə işçi qrupunun fəaliyyətinin genişləndirildiyini diqqətə çatdırıb.
Qarabağ məsələsinə toxunan səfir İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb və bölgədə yaranmış yeni şəraitin sülh və regional əməkdaşlıq üçün imkanlar açdığını bildirib. O, Tehran və Bakının birgə sərhəd layihələrinin bu sabitlik fonunda daha sürətlə irəliləyə biləcəyini vurğulayıb.