Вернуться назад Распечатать

“İlham Əliyevin Ağdərəyə səfəri mühüm əhəmiyyət daşıyır”

“İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, artıq Ağdərə rayonunda da həyat bərpa olunmağa başlayıb, keçmiş məcburi köçkünlərin öz yurdlarında məskunlaşdırılması prosesinə start verilib. Bu baxımdan, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdərəyə səfəri mühüm əhəmiyyət daşıyır”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, səfər çərçivəsində Prezidentə Ağdərə şəhərinin Baş planı da təqdim olunub: “Plandan aydın olur ki, şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Ağdərədə çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.

Göründüyü kimi, dövlətin Ağdərə ilə bağlı planları böyükdür və bu rayonun hər gün inkişaf edən Azərbaycanın bir hissəsinə çevrilməsi, işğalın izlərinin aradan qaldırılması, Ağdərə sakinlərinin öz doğma yurdlarında məskunlaşması ilə bağlı tədbirlər görülür”.

Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyevin rayonun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü də çox səmimi keçib: “Dövlət başçısı sakinlərə məlumat verdi ki, son iki il ərzində işğaldan azad edilmiş Ağdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinq aparılıb. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən edilib və artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıdıblar. Ora qayıdan insanların rahat və firavan yaşayışı üçün bütün tədbirlrə görülür. Buradan Tərtərə, Kəlbəcərə yollar tikilir, genişlənir. Yeni iş yerlərinin açılması da diqqət mərkəzindədir və inanıram ki, Ağdərəyə qayıdan vətəndaşlarımızın məşğulluğu ilə bağlı heç bir problem olmayacaq. Çünki orada həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Bununla yanaşı, əhali əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik kimi sahələrlə də məşğul ola biləcəklər.

Mən inanıram ki, yaxın gələcəkdə Ağdərədə elə bir şərait yaradılacaq ki, ora köçən sakinlər ötən illərin ağrı-acısını, çəkdikləri iztirabları geridə qoymuş olacaqlar”.