Вернуться назад Распечатать

Umud Mirzəyev: Azərbaycan sülh, həmrəylik və quruculuq iradəsi ilə gələcəyə baxır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi arasında tarixi və mənəvi bağların möhkəmləndirilməsinə verdiyi önəmi bir daha nümayiş etdirdi.

Bu fikirləri Liderxeber.az-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olmaqla yanaşı, bu gün Türk dünyasının birliyinin və İslam həmrəyliyinin gücləndirilməsinə fəal töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir dünyada müsəlman ölkələri arasında həmrəyliyə, qarşılıqlı dəstəyə və birliyə böyük ehtiyac var. İslamofobiya, dini ayrı-seçkilik və müqəddəs dəyərlərə qarşı təhqirlərə münasibətdə də ortaq mövqenin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Umud Mirzəyev qeyd edib ki, görüşdə Qarabağ və Şərqi Zəngəzurla bağlı səsləndirilən fikirlər isə həm tarixi yaddaşımız, həm də gələcəyimiz baxımından mühüm mesajlar ehtiva edir. Otuz ilə yaxın davam etmiş işğalın nəticələri, Xocalı faciəsi, yüz minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsi və Birinci Qarabağ müharibəsindən itkin qalan azərbaycanlıların taleyi unudulmamalıdır.

"Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzur artıq yalnız müharibənin və dağıntıların izləri ilə deyil, böyük quruculuq və qayıdış prosesi ilə gündəmə gəlir. Şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdır, dağıdılmış dini və mədəni abidələr bərpa edilir. Ağdam Cümə məscidinin bərpası bunun rəmzi nümunələrindən biridir" - U.Mirzəyev vurğulayıb.