Вернуться назад Распечатать

Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Rusiyanın Baş prokuroru Aleksandr Qutsan Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşündə iştirak edib.

Liderxeber.az xəbər verir ki, bu gün Baş prokuror rusiyalı həmkarı ilə görüşüb.

Əvvəlcə A.Qutsan Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Görüşdə K.Əliyev Azərbaycan-Rusiya münasibətlərində dostluq, qarşılıqlı anlaşma, etimad və qarşılıqlı yardım prinsiplərinin əhəmiyyətini vurğulayıb.

İki ölkə və xalqlar arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin mühüm rolu qeyd olunaraq, bu xüsusda, hər iki ölkənin dövlət başçıları arasında keçirilmiş görüşlər, eləcə də baş tutan təmasların əhəmiyyəti vurğulanıb.

Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını bildirərək, bu əlaqələrin qarşılıqlı maraq doğuran istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tərəflər qarşılıqlı hüquqi yardım haqqında sorğuların operativ və səmərəli icrası, cinayət törətməkdə təqsirləndirilən və ya məhkum olunmuş şəxslərin ekstradisiyası, habelə hüquq tətbiqetmə təcrübəsinin öyrənilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bu sahələrdə qarşılıqlı fəaliyyətin inkişafında Azərbaycan Baş Prokurorluğu ilə Rusiya Baş Prokurorluğu arasında 9 aprel 2021-ci il tarixində imzalanmış əməkdaşlığın inkişaf etdirilməsi niyyətinə dair Bəyanatın əhəmiyyəti vurğulanıb.

Aleksandr Qutsan səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin cari ilin sentyabr ayında Kazan şəhərində Azərbaycan Baş Prokurorluğu ilə Rusiya Baş Prokurorluğu arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramının icrası ilə bağlı vəzifələr, beynəlxalq hüquqi əməkdaşlığın təkmilləşdirilməsi və ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səmərəli əməkdaşlığın inkişafına və Azərbaycan Respublikası Prokurorluğu ilə əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Rusiya Baş prokuroru Aleksandr Qutsan Baş prokuror Kamran Əliyev tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Görüşdən sonra Rusiya Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini ziyarət edib.

Görüşdə Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.

***

Bu gün Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının prezidenti Mazin bin İbrahim əl-Kahmus ilə də görüşüb.

Görüşdə Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər, habelə əldə olunan müsbət nəticələr barədə məlumat verib.

Baş prokuror Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın siyasi, iqtisadi, enerji və humanitar sahələrdə ardıcıl inkişaf etdiyini vurğulayıb. Eyni zamanda, Səudiyyə Ərəbistanının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərdiyi dəstəyin ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.

Görüş zamanı Baş prokuror Bakıda keçirilmiş yüksəksəviyyəli görüşün uğurla təşkil olunmasının İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, əlaqələndirmənin gücləndirilməsi və birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalamasının korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə, dövlətlər arasında operativ məlumat mübadiləsinin genişləndirilməsinə və cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar olunaraq geri qaytarılması sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verəcəyini qeyd edib.

Bundan başqa, Baş prokuror 2025-ci ilin oktyabrında Ciddə şəhərində keçirilmiş MENA-ARIN (Yaxın Şərq və Şimali Afrika Regional Aktivlərin Qaytarılması Şəbəkəsi) regional aktivlərin qaytarılması şəbəkəsinin ilk illik iclası çərçivəsində Mazin bin İbrahim əl-Kahmus ilə görüşünü xatırladaraq, bu təmasların əhəmiyyətini vurğulayıb. O, həmin görüşlərdə müzakirə olunan məsələlərin davamlı dialoq və təcrübə mübadiləsi vasitəsilə praktiki əməkdaşlığın genişləndirilməsinə imkan yaratdığını bildirib.

Öz növbəsində, Nazaha-nın prezidenti Mazin bin İbrahim əl-Kahmus görüşün əvvəlində İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün yüksək səviyyədə təşkilinə və uğurla keçirilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, bu cür beynəlxalq tədbirlərin korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Görüş çərçivəsində 2023-cü ilin noyabrında imzalanmış Əməkdaşlıq Memorandumunun icra vəziyyəti və İƏİT, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, GlobE Network və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə tərəflər arasında mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması, əlaqələndirici qurumlar arasında operativ təmasların gücləndirilməsi, korrupsiya cinayətləri üzrə məlumat mübadiləsinin genişləndirilməsi və qarşılıqlı hüquqi yardım imkanlarından daha səmərəli istifadə edilməsi məsələlərinə diqqət yetirilib.

Baş prokuror Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizə sahəsində qlobal təşəbbüslərini, o cümlədən GlobE Network-un yaradılması və Korrupsiyanın Ölçülməsi üzrə Qlobal Təşəbbüsün həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib. Azərbaycanın bu təşəbbüslərə verdiyi dəstəyin bariz nümunəsi kimi 2025-ci ilin mayında Bakıda GlobE Network-un 6-cı Plenar İclasının və İdarəetmə Komitəsinin 10-cu iclasının keçirilməsi diqqətə çatdırılıb.

Tərəflər korrupsiyaya qarşı mübarizənin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq və regional əməkdaşlığın əlaqələndirilmiş şəkildə həyata keçirilməsini tələb etdiyini vurğulayıblar. Bu baxımdan, transsərhəd korrupsiya cinayətlərinin aşkar edilməsi və istintaqı, cinayət yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və qanuni sahiblərinə qaytarılması, habelə bu istiqamətlərdə operativ məlumat mübadiləsinin təşkili üzrə təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq əməkdaşlıq platformalarının imkanlarından istifadə, mütəxəssislərin peşəkar hazırlığı və birgə fəaliyyətin praktiki nəticələrinin artırılması da müzakirə olunub.

Görüş zamanı Azərbaycan prokurorluq orqanları ilə səmərəli əməkdaşlığına, korrupsiyaya qarşı mübarizə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi töhfələrə görə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmus medalı ilə təltif edilib.

Görüşdə Səudiyyə Ərəbistanının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli, həmçinin Azərbaycanın Səudiyyə Ərəbistanında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev iştirak ediblər.