Pressa.az » Cəmiyyət » Səkini zəbt edən avtomobillər yığışdırıldı: Yol polisi sürücülərə xəbərdarlıq etdi

Səkini zəbt edən avtomobillər yığışdırıldı: Yol polisi sürücülərə xəbərdarlıq etdi

29 aprel 2025, Çərşənbə axşamı, 16:15
Səkini zəbt edən avtomobillər yığışdırıldı: Yol polisi sürücülərə xəbərdarlıq etdi

Bakıda, metronun "Neftçilər" stansiyasının çıxışında avtomobillərin səkidə park edilməsi sakinlərin haqlı narazılığına səbəb olub.

Liderxeber.az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə avtomobillərin park edilməməsi üçün delinatorlar (rezin dirəklər) quraşdırılmışdı.

Sonra isə həmin dirəklər naməlum şəxslər tərəfindən kəsilib. Avtomobillərin səkidə qanunsuz park olunması isə piyadaların, xüsusən də pik saatlarda hərəkəti üçün ciddi çətinlik yaradır.

Məsələ ilə bağlı açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.

O qeyd edib ki, məlumat daxil olan kimi qurumun əməkdaşları əraziyə cəlb olunublar.

"Hazırda avtomobillərini səkidə saxlayaraq piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.Sürücülərdən xahişimiz və eyni zamanda, tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Nəzərə almaq lazımdır ki, səki avtomobillərin dayanması və durması üçün deyil, piyadaların hərəkəti üçün nəzərdə tutulub", - deyə T.Nəsirli bildirib.