DYP bu sürücülərə xəbərdarlıq etdi
Avtomobillərini texniki baxışdan yayındırmaq üçün müxtəlif qanunsuz yollara əl atan sürücülərə ciddi xəbərdarlıq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə rast gəlinir:
"Bəzi sürücülər yol hərəkəti qaydalarının qeydə alınması üçün quraşdırılan xüsusi texniki vasitələrin olduğu yollardan keçməməklə texniki baxışdan yayınmağa çalışırlar. Texniki baxışdan yayınmaq üçüna dövlət nömrə nişanlarına qanunsuz müdaxilə hallarına belə yol verirlər.
Həmin sürücülər bilməlidirlər ki, avtomobilin texniki baxışdan keçirilmədiyi, yaxud digər yol hərəkəti qaydaları pozuntuları xidməti ərazidə dislokasiya olunmuş yol patrul avtomobilində quraşdırılan “İ-Patrul”lar vasitəsilə də avtomatik olaraq qeydə alınır.
Qeyd edək ki, avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir. Sürücülərin diqqətinə çatdırılır ki, avtomobillərini texniki baxışdan keçirməyənlər, həmçinin qeyd olunan qayda pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Əgər həmin sürücü 20 gün ərzində avtomobilini texniki baxışa təqdim etməzsə, yenidən cərimə olunur.
Sürücülər bilməlidirlər ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi xüsusi texniki vasitələr, eləcə də digər elektron avadanlıqların köməkliyi ilə avtomobillərini texniki baxışa təqdim etməyən, qanunsuz yollarla dövlət qeydiyyat nişanına müdaxilə edən sürücüləri qısa zamanda müəyyən edilərək inzibati məsuliyyətə cəlb edir.
Sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər".
Qeyd edilib ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi məqsədilə Baş DYP İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb.