Pressa.az » Cəmiyyət » Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçalanın icra başçısı səyyar görüş keçirib

15 may 2025, Cümə axşamı, 12:50
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Tatarməhlə kənd sakinləri ilə səyyar görüş keçirib.

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.


İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tatarməhlə kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Tatarməhlə kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.


Çıxışçılar “Ailə milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır” mövzusunda iştirakçılara məlumat verib, bildiriblər ki, ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir və azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirərək həmin sahədə mövcud problemlərin həlli istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyət göstərib və bu siyasət Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətin daxili resurslarının səfərbər olunmasına xüsusi önəm verirdi. Bu resurslar içərisində ailə müstəsna əhəmiyyət kəsb edirdi. “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”–deyən Ulu Öndər Heydər Əliyev ailə institutunun möhkəmlənməsinə və zənginləşməsinə hər zaman böyük diqqət yetirirdi. Ailə institutu dahi şəxsiyyətin əməli qayğısı ilə əhatə olundu. Ulu Öndər ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. Ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, dəstəyi ilə Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulub və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilib. Ulu Öndər deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və Vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarır, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də layiqincə daşıyır”.
 
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, kənd ərazisində Milliön ödəmə terminalının quraşdırılması, subsidiya almaqda qarşıya çıxan çətinlik, ev lahiyəsinin verilməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.