Pressa.az » Cəmiyyət » Qəhvənin dərmanlarla birlikdə qəbulunun potensial təhlükələri

Qəhvənin dərmanlarla birlikdə qəbulunun potensial təhlükələri

08 may 2026, Cümə, 10:36
Qəhvənin dərmanlarla birlikdə qəbulunun potensial təhlükələri

Qəhvə bəzi tibbi preparatların təsir mexanizmini dəyişə və birbaşa əks-göstəriş qeyd edilməsə belə, arzuolunmaz reaksiyalara səbəb ola bilər.

Liderxeber.az xəbər verir ki, həkim Nəzifət Urtenova "İzvestiya" nəşrinə müsahibəsində bu kofeinli içkinin hansı dərman qrupları ilə birgə qəbulunun təhlükəli olduğunu açıqlayıb.

Mütəxəssis qeyd edir ki, dərmanın təlimatında qəhvə ilə bağlı qadağanın olmaması onun tam təhlükəsizliyi demək deyil. Kofein təsiredici maddələrin bədəndən atılmasını ləngidə, müalicənin effektini azalda və ya əlavə təsirləri şiddətləndirə bilər.

Dərmanlar və qəhvənin yaratdığı fəsadlar:

Antibiotiklər: Norfloksasin və siprofloksasin kofeinin bədəndən çıxarılmasını yavaşladır. Bu, qanda kofeinin artmasına, nəticədə isə təşviş, titrəmə və yuxusuzluğa səbəb olur. Tetrasiklin qrupu preparatlarda isə qəhvə dərmanın mənimsənilməsini çətinləşdirir.

Hormonal preparatlar: Estrogen hormonları kofein mübadiləsini zəiflədir. Nəticədə bədəndə toplanan kofein yuxu pozğunluğu, əsəb gərginliyi və şiddətli baş ağrıları yaradır.

Ağrıkəsicilər: Parasetamol qəhvə ilə qəbul edildikdə qaraciyərə düşən yükü artırır və toksik zədələnmə riski yaradır. Aspirin və ibuprofen isə qəhvə ilə birləşdikdə mədənin selikli qişasını qıcıqlandıraraq xora, ürəkbulanma və kəskin ağrılara yol açır.

Antidepresantlar: Selegilin və moklobemid tipli preparatlar kofeinlə birlikdə arterial təzyiqin qəflətən yüksəlməsinə səbəb olur. Trisiklik antidepresantlar (məsələn, amitriptilin) isə stimullaşdırıcı effekti gücləndirərək yuxusuzluq və həyəcanı artırır.

Dəmir preparatları: Qəhvədəki tanin maddələri dəmirin bağırsaqlar tərəfindən mənimsənilməsinə mane olur və müalicənin təsirini əhəmiyyətli dərəcədə aşağı salır.

Şəkərli diabet dərmanları: Qəhvə insulinə həssaslığı zəiflədir və qlükoza göstəricilərini yüksəldir. Metformin kimi preparatların qəhvə ilə qəbulu qanda şəkərin səviyyəsinin dəyişməsinə və müalicənin zəifləməsinə gətirib çıxarır.