Pressa.az » Cəmiyyət » Xaricə gedənlərin sayı azalıb

Xaricə gedənlərin sayı azalıb

22 oktyabr 2026, Cümə axşamı, 10:27
Xaricə gedənlərin sayı azalıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1831,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,7 faizi İsrail, 3,5 faizi Pakistan, 3,1 faizi Özbəkistan, 2,8 faizi Çin, 2,6 faizi Hindistan, 2,4 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1,0 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 699,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32,0 faiz azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 5,5 faiz azalaraq 820,3 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.                      

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,8 faiz azalaraq 1575,3 min nəfər olub. Vətəndaşlarımızın 44,0 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox), 14,6 faizi Rusiya Federasiyasına (2,0 faiz az), 13,0 faizi Gürcüstana (17,6 faiz çox), 5,1 faizi İrana (44,5 faiz az), 23,3 faizi isə digər ölkələrə (2,0 faiz az) gedib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.