Uşaqları bezdirən hazırlıqlar - Dərsdən əlavə məşğələlərə getmək azyaşlılara necə təsir edir?
Bir çox valideyn övladını dərslərdən əlavə, məşğələ və hazırlıqlara da qoyur. Məsələn, tez-tez azyaşlıların rəsm, musiqi, idman və s. sahələrdə uğurlarına şahid oluruq.
Onların belə məşğələlərə getmələri, hobbi qazanmaları şəxsi bacarıqlarına, gələcəklərinə xüsusi təsir edir. Amma dərs yükü ilə bərabər, azyaşlıların həm də əlavə məşğələlərə getməsi onları yormurmu?
Psixoloq Ofelya Məmmədova Bizim.media-ya açıqlamasında qeyd edib ki, yalnız dərs yükü uşağın mənəvi cəhətdən yorulmasına gətirib çıxarır, 7-8-ci siniflərdə artıq uşaqlar dərsdən yayınırlar və davranış pozuntuları üzə çıxmağa başlayır:
"Mütləq hər bir uşağın maraqlandığı, dərsdənkənar bir hobbisi olur. Valideynlər, uşağın psixologiyasına uyğun olaraq, onları boş zamanına uyğun əlavə məşğələlərə yönəldə bilərlər".
Müsahibimiz bəzi valideynlərin bunu vaxt itkisi kimi görməsinə də münasibət bildirib:
"Valideynlər bunu bəzən vaxt itkisi hesab edirlər. Lakin idman, musiqi, rəqs, rəsm kimi dərnəklər uşaqların sağlam inkişafına yönəlmiş fəaliyyət növü olmaqla yanaşı, onların psixoloji və sosial həyat inkişafını sürətləndirir, psixologiyalarına müsbət təsir göstərir".
Bu hobbilərin təsiri sahədən asılı olaraq necə dəyişir?
Psixoloq ilk olaraq idman sahəsinin təsiri barədə danışıb:
"Müxtəlif idman növlərinin uşaq və yeniyetmələrə bir sıra faydaları var. Fərdi idman növləri uşaqların özünəgüvən hisslərini, şəxsi problemlərini həll edə bilmək qabiliyyətini artırır, kollektiv idman növləri isə sağlam rəqabət mühiti yaradır. Onlar vaxtdan doğru istifadə etməyi öyrənirlər.
Rəsm uşaqlar üçün, bir növ, özünü ifadəetmə formasıdır. Rəsm çəkmək sağ və sol beyinin birlikdə çalışması, diqqətin mərkəzləşməsi və özünəinam hisslərinin formalaşması kimi bir çox müsbət yöndə təsirlər yaradır. Rəsm uşaqlarda anlama bacarığının və yaradıcı gücün ortaya çıxarılmasına kömək edir.
Musiqi uşaqları mənəvi cəhətdən zənginləşdirməklə yanaşı, onların fiziki və intellektual inkişafında, sağlamlığının qorunmasında da mühüm rol oynayır".
Psixoloq vurğulayıb ki, bu cür məşğuliyyətlər uşaqların psixologiyasına uyğun olaraq, düzgün yönləndirilərsə, nəinki dərslərinə mane olmur, əksinə, daxili motivasiyanı artırır, bacarıqları ilə yanaşı, güvən qazandırır:
"Bu da uşağın həm təhsildə, həm də gələcək karyerasında uğur qazanmasına müsbət təsir göstərir. Hər bir uşağın özunəməxsus müsbət xüsusiyyətləri, dəyərləri var. Bu dəyərləri üzə çıxarıb, onlardan bir motivasiya kimi istifadə etməklə onun gələcəkdə uğur qazana bilməsinə şərait yarada bilərik".