Hər rayonun niyə "öz xəstəliyi" var? - Səbəblər və çıxış yolları
Milli Məclisin oktyabrın 29-da keçirilən iclasında Azərbaycanda səhiyyə xəritəsinin yaradılması məsələsi təklif olunub.
Səbəb olaraq isə vurğulanıb ki, ayrı-ayrı bölgələrə xas xəstəliklər tüğyan edir. Məsələn, bəzi bölgələrdə ürək-damar, bəzilərində şəkər, digərlərində isə onkoloji xəstəliklər üstünlük təşkil edir. Qeyd olunub ki, məsələnin həlli üçün regionlar üzrə səhiyyə xəritəsi hazırlandıqdan sonra səbəblər araşdırılmalıdır.
Bəs reallıq nə yerdədir? Bu xəritəni hazırlamağa ehtiyac varmı, məsələnin həlli istiqamətində hansı addımlar atılmalıdır?
mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənək.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda ayrı-ayrı bölgələr üzrə müxtəlif xəstəliklərin üstünlük təşkil etməsi bir sıra amillərlə bağlıdır:
"Regionlarda olan mühit və əhali sıxlığını qeyd edə bilərik. Radiasiya amilləri də xəstəliklərə səbəb olur. Məsələn, vaxtilə Qəbələdə radiolokasiya stansiyası var idi, sonradan həmin stansiyanı bağladılar. Lakin o stansiya müxtəlif xəstəliklər yaratdı: ürək-damar və onkoloji xəstəliklərdə artımlar müşahidə edildi.
Bundan əlavə, bəzi rayonlarda gölməçələr olan yerlərdə ağcaqanadlar çox olduğu üçün vaxtilə malyariya xəstəliyinin çəkisi artıb. Belə nümunələri çox saymaq olar".
Ekspert vurğulayıb ki, bölgələrdə yayılan xəstəliklərin statistikası öyrənilməlidir:
"Müxtəlif xəstəliklərin həm xəritəsi, həm dinamikası, həm də səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Səbəblər qidalanmaya, içməli suya, havanın çirklənməsinə və iqlim şəraitinə bağlı ola bilər. Bunlarla əlaqədar ayrıca tədbir görülməlidir. Profilaktik səhiyyəmizin olmasının tərəfdarıyam. Yəni əvvəlcədən ağırlaşmalara gedən yolun qarşısını almaq lazımdır, nəinki sonradan tədbir görmək. Yaxşı olardı ki, Səhiyyə Nazirliyinin müvafiq komitəsi bununla bağlı addımlar atsın, tədbirlər görsün".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə açıqlamasında bildirib ki, ölkəmizdə "səhiyyə xəritəsi"nin başqa forması var:
"Sadəcə, sözügedən ad termin olaraq fərqlidir. Dövlət Statistika Komitəsinin və Səhiyyə Nazirliyinin bölgələr üzrə statistik məlumatlarını qeyd etməliyik. Açıq mənbələr və sorğular vasitəsilə bu məlumatları əldə etmək mümkündür. Bu məlumatlar səhiyyə standartları, kadrların yerləşdirilməsi və sair məsələlər əsasında hazırlanır. Həmin göstəricilər əsasında səhiyyəyə nəzarət edən müvafiq qurumlar planlar hazırlayırlar. Bu planlara əsasən, zamanında müdaxilələr olmalıdır. Bunu "səhiyyə xəritəsi" və ya səhiyyədəki statistik məlumatlar kimi adlandıra bilərik. Sözlərdə fərq var, mahiyyət isə eynidir".
M.Məmmədli qeyd edib ki, haqqında danışdığımız məsələ bütün dünya üçün xarakterikdir:
"Qidalanma xüsusiyyətləri, səhiyyə xidmətinin keyfiyyəti və əlçatanlığı məsələsi dünya ölkələrində bu problemi yaradan amillərdir. Məsələn, mətbəxdə dəniz məhsullarına üstünlük verildikdə ürək-damar xəstəliklərinə daha az rast gəlinir. Biz bunu Yaponiyada və Aralıq dənizi sahili ölkələrində görə bilərik. Uşaqların peyvəndlənməsi, içməli suda yodun miqdarına nəzarət və sair amillər də var. İçməli suda yodun səviyyəsi normadan artıq və ya az olduqda qalxanabənzər vəzidə problemlər yaranır. Havaların çox soyuq keçdiyi bölgələrdə ağciyər xəstəlikləri üstünlük təşkil edir".
Deputat deyib ki, ikinci məsələ profilaktik təbabətin hansı səviyyədə aparılmasındadır:
"Məsələn, bir regionda səhiyyə xidməti yüksək səviyyədə qurulursa, profilaktik təbabət də ona uyğunlaşır, digər bölgədə zəif səviyyədə qurulursa, problemlər ortaya çıxır. Bu amillər nəticədə ölüm və xəstələnmə hallarına təsir edir".