Üzən muzey tikəcəklər - Dubayda
Dubayda yeni memarlıq layihəsi – Dubay Üzən İncəsənət Muzeyi (DUMA) istifadəyə veriləcək.
Liderxeber.az xəbər verir ki, layihə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktum tərəfindən təqdim olunub.
O bildirib ki, muzeyin məqsədi Dubayın qlobal mədəniyyət paytaxtı statusunu gücləndirməkdir. Layihənin müəllifi dünya şöhrətli yapon memar Tadao Andodur. Onun dizaynı Dubayın dəniz və mirvari irsindən ilhamlanıb. Beşmərtəbəli muzey Dubay körfəzinin sularında inşa ediləcək və şəhər mənzərəsi ilə harmoniyada olacaq.
Muzeydə sərgi zalları, restoran və VIP zonalar, eləcə də kitabxana, təhsil və tədqiqat mərkəzləri fəaliyyət göstərəcək. DUMA yalnız sərgilər üçün deyil, həm də mühazirələr, panel müzakirələr, təlimlər və incəsənət yarmarkaları üçün yaradılacaq mədəniyyət məkanı olacaq.
Qeyd edək ki, layihə Dubayın mədəniyyət və iqtisadi inkişafı birləşdirən strateji baxışını əks etdirir və şəhəri beynəlxalq yaradıcılıq mərkəzinə çevirməyi hədəfləyir.
