Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
ABŞ-nin Nyu-York şəhərində 8 noyabr - Zəfər Günü münasibətilə keçirilən məlumatlandırma aksiyası davam edir.
Liderxeber.az xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Məlumatlandırma aksiyasında üzərində Azərbaycan həqiqətlərini əks etdirən LED ekranlı avtomobil hər gün minlərlə turistin ziyarət etdiyi, Nyu-Yorkun simvolu hesab olunan dünyaca məşhur "Times" meydanında hərəkət edib.
"Qarabağ şikəstəsi" və "Bayatı-Şiraz" təsnifinin sədaları altında hərəkət edən avtomobilin ekranlarında Azərbaycanın dövlət bayrağı, "Qarabağ sülhün və ümidin məkanıdır", "5 illik qələbən mübarək, Azərbaycan", "Azərbaycanın zəfəri, ədalətin qələbəsi", "Qarabağda davamlı sülh naminə birliyimiz əbədidir", "Zəfər qəhrəmanlarını ehtiramla yad edirik", "Azərbaycan qalib gəldi və Qafqazda sülhü, həmrəyliyi möhkəmləndirdi", "Qarabağ - sülhün və ümidin diyarı", "Azərbaycan - 5 illik cəsarət, 5 illik qürur!" şüarları və xarıbülbül ilə azad olunmuş ərazilərin təsvirləri əks olunub.
LED ekranlı avtomobil səhər saatlarına qədər Nyu-Yorkun Manhetten adasının mərkəzi küçə və meydanlarında dövrə vuracaq və "Times" meydanında dayanacaq.
