İtaliyanın məşhur brendlərinin işçilərin hüquqlarını pozması iddiası araşdırılır
İtaliyada 13 lüks geyim istehsalçısı işçilərin istismarı iddiası üzrə müvafiq sənədləri təqdim etmək üçün sorğu alan şirkətlərin siyahısındadır.
Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
İtaliya polisi məşhur brendlərin subpodratçıları tərəfindən işçilərin istismarı ilə bağlı aparılan araşdırma çərçivəsində tədarük zəncirinin idarə edilməsi və nəzarət sistemlərinə dair sənədləri tələb edir.
Bununla bağlı sorğu alan şirkətlərin siyahısına "Dolce & Gabbana", "Prada", "Gucci", "Missoni", "Versace" kimi dünyaca məşhur brendlər də daxildir.
Qeyd edək ki, İtaliya polisi Milanda çinli sahibkarlara məxsus sexlərdə axtarışlar zamanı lüks geyim istehsalçılarının məhsulları və sənədlərini aşkar edib.
Hüquq-mühafizə orqanları sözügedən şirkətlərin işçiləri nə dərəcədə istismar etdiyini, eləcə də bu cür sui-istifadələrin qarşısını almaq üçün korporativ idarəetmə sistemlərinin effektivliyini qiymətləndirmək niyyətindədir.
Nəşr qeyd edir ki, moda evlərinə tələb olunan məlumatlar təqdim edildikdən sonra aşkarlanan çatışmazlıqları aradan qaldırmaq imkanı veriləcək. Əks halda, Milan prokurorluğu şirkətlərə qarşı qanuni tədbirlər görmək hüququnu özündə saxlayacaq.
