Pressa.az » Dünya » Qızılın qiyməti "uçur", "Bitcoin" isə risklidir - iqtisadçı son durumu şərh edir

Qızılın qiyməti "uçur", "Bitcoin" isə risklidir - iqtisadçı son durumu şərh edir

06 yanvar 2026, Çərşənbə axşamı, 17:22
Qızılın qiyməti "uçur", "Bitcoin" isə risklidir - iqtisadçı son durumu şərh edir

"Qızılın son günlərdə daha da bahalaşması təkcə dünyada baş verən geosiyasi hadisələrlə bağlı deyil.

Belə ki, dünya maliyyə mərkəzlərində faiz dərəcələrinin kəsilməsi gözləntiləri və inflyasiya riskləri investorların qızıl kimi digər gəlir gətirməyən aktivlərə yönəlməsini gücləndirib. Bu, investorları bazar risklərindən qorunmaq üçün qızıl və digər qiymətli metallara istiqamətləndirir".

Liderxeber.az xəbər verir ki,bu sözləri iqtisadçı Kamran Hacıyev açıqlamasında son günlər qızılın bahalaşması və kriptovalyuta bazarındakı canlanmanı şərh edərkən deyib.

Qızılın qiyməti uçur, Bitcoin isə risklidir - iqtisadçı son durumu şərh edir

Onun sözlərinə görə, qızılın və "Bitcoin"in bahalaşmasında əsas amil investorların dünyanın əsas valyutalarına qarşı inamsızlığıdır:

"Son illər bu fonda həm qızılın, həm də kriptovalyuta bazarının bəzi seqmentlərində artım müşahidə edilir. Qlobal bazarlarda qızılın qiyməti son günlərdə yüksəlir. "Təhlükəsiz liman" aktivi kimi tanınan qızılın spot qiyməti bir unsiya üçün 4400 ABŞ dollarının üzərinə yüksəlib, bir həftənin maksimumuna çatıb. Keçən il qızıl ən böyük illik artımını (təxminən 64 faiz) qeydə alaraq əvvəlki rekordları üstələyib və dekabrın sonunda 4549 dollar səviyyəsinə çatmışdı. Bu yüksəlişdə geosiyasi gərginlik, mərkəzi bankların alıcı mövqeyi və düşünülən faiz endirimləri rol oynayıb.

Qızılın qiymətinin yaxın perspektivdə sabit yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. Bəzi araşdırmalar 2026-cı il sözügedən metalın orta və zirvə qiymətlərinin əvvəlki rekordlara yaxın və ya ondan çox olacağını göstərir. Müəyyən proqnozlarda qızılın qiyməti 5000 ABŞ dolları və daha yüksək səviyyələrə yaxınlaşa bilər. Bu, investorların qeyri-müəyyənlik dövrlərində aktivlərini qorumaq üçün sözügedən məhsula marağının davam etməsinə əsaslanır".

Kamran Hacıyev hesab edir ki, kriptovalyuta bazarında canlanma daha çox spekulyativ investisiya davranışı ilə izah oluna bilər:

"Bazarda likvidlik, investor marağı və texnoloji sektorlara bağlılıq kimi faktorlar kripto qiymətlərini qısa müddətdə gücləndirə bilər, lakin uzunmüddətli perspektivdə kripto aktivlərin davranışı hələ də yüksək volatillik və risklə müşayiət olunur. Belə ki, son tendensiyalar göstərir ki, "Bitcoin" bəzən "risk aktivləri" kimi davranır və bazarda digər seqmentlərlə korrelyasiya göstərə bilər.

Qızılın qiyməti uçur, Bitcoin isə risklidir - iqtisadçı son durumu şərh edir

Kriptovalyuta bazarındakı artım isə daha çox spekulyativ investisiya davranışı, texnoloji aktivlərə maraq və bazar hissiyatının dəyişməsi ilə əlaqədardır. Bu aktivlər hazırkı şəraitdə yüksəlmiş görünə bilər, lakin onların qiymət davranışı hələ də böyük dərəcədə risk və volatilliyə bağlı qalır".