KİV: Körfəz ölkələri ABŞ-ni İranla müharibəni davam etdirməyə çağırırlar
"Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ni İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırırlar".
Liderxeber.az xəbər verir ki, bu iddianı "Associated Press" agentliyi ABŞ, İsrail və Fars körfəzi ölkələrindən olan adları açıqlanmayan rəsmilərə istinadən yayıb.
Məlumata görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə ABŞ-İsrail hərbi əməliyyatının İran hakimiyyətində köklü dəyişikliklər baş verənə qədər davam etməsində maraqlı olduqlarını açıqlayıblar.
Agentlik qeyd edib ki, Fars körfəzi ölkələri arasında münaqişəyə münasibət müxtəlifdir: Səudiyyə Ərəbistanı və BƏƏ döyüşkən mövqe tuturlar, Oman və Qətər isə diplomatik həll yoluna meyillidirlər.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
