“Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
Vətən müharibəsində Azərbaycan hərbçilərinin şücaətini, qəhrəmanlığını və döyüş əzmini düşmən öz canında hiss etdi. Bəlkə də sağ qalanların yuxularına bu gün də qorxulu kabus kimi girir sərt qayaları aşıb, keçilməz sayılan istehkamları yararaq üzərlərinə gələn Azərbaycan xüsusi təyinatlıları. Onların qəhrəmanlığından söz düşəndə Daxili Qoşunların “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin sabiq komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov ilk yada düşənlərdəndir.
Liderxeber.az xəbər verir ki, Zəfərimizlə adaş olan qəhrəman komandirin döyüş yolu Murovdağdan Füzuli və Cəbrayıla, oradan Xocavəndə qədər uzanıb.
Altı il əvvəl yaşananları bu gün də bütün təfərrüatı ilə xatırlayır...
.jpeg)
– Cənab polkovnik, 2020-ci il sentyabrın 27-də müharibənin başlayanda ilk döyüş tapşırığınızı hansı istiqamətdə yerinə yetirdiniz?
– 2020-ci il sentyabrın 27-də səhər saatlarında düşmən qüvvələrinin atəşkəsi pozması nəticəsində əks-hücum əməliyyatı başlandı. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlıları da bu əks-hücum əməliyyatında yüksək nailiyyətlərlə iştirak etdilər.
Həyəcan siqnalı verildikdən sonra Daxili Qoşunların xüsusi təyinatlıları ilkin mərhələdə cəbhə bölgəsinə yola salındı. Orada təyinatımız üzrə döyüş tapşırıqlarımız müəyyənləşdirildi və müvafiq istiqamətlərdə onların icrasına başladıq. Xüsusi təyinatlılar ön sırada olmaqla, Silahlı Qüvvələrin bütün hərbi quluqçuları bu döyüş tapşırıqlarında iştirak edirdilər.
Döyüş yolumuz Murovdağdan, Koroğlu zirvəsindən başladı. Qarşımıza çıxan düşmən qüvvələrini məhv edərək ardıcıllıqla yüksəklikləri ələ keçirdik. Həmin zirvəni azad etdikdən sonra Füzuli-Cəbrayıl istiqamətində döyüş tapşırıqlarının icrasını davam etdirməyə başladıq.
.jpeg)
– Murovdağ həm releyfinə, həm də iqlim şəraitinə görə çox ağır cəbhələrdən biri olub. Necə aşırdınız bu maneələri?
– Əslində, bütün istiqamətlərdə gedən döyüşlər ərazinin relyefinə və hava şəraitinə görə çətin keçirdi. Ancaq Azərbaycan xüsusi təyinatlıları otuz il ərzində torpaqlarımızın azadlığı və düşməndən qisas almaq üçün ən çətin şəraitlərdə döyüş təlimlərinə cəlb olunmuş, real döyüş şəraitinə uyğun hazırlıq keçmişdilər. Bunun nəticəsində biz Qarabağ zəfərini, Vətən müharibəsini 44 gündə tamamladıq.
– Sizcə döyüşlərdə həlledici an nə zaman baş verdi? Yəni düşmənin müqaviməti tam qırıldı, əslində müqavimətin mənasz olduğunu daxilən anlamışdılar...
– Hadrut istiqamətindəki döyüşləridə. Cəbrayıl və Füzuli düşməndən azad edildikdən sonra ən ağır döyüşlərimiz Qarabağın açarı sayılan Hadrutda oldu. Düşmən qüvvələrinin cəmləşdiyi yer idi Hadrut. Burada çox güclü müqavimətlə qarşılaşdıq. Ancaq düşmənin müqavimətinə baxmayaraq, Azərbaycan xüsusi təyinatlılarının qətiyyəti nəticəsində Hadrut qısa müddətdə düşməndən azad olundu.
.jpeg)
–Döyüşə yollanarkən qarşıya qoyduğunuz məqsədə çatdığınızı hiss etdiyiniz an nə düşündünüz?
– Azərbaycan xüsusi təyinatlılarının, Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı qarşısında tab gətirə bilməyən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu və imzaladı. Bununla da 8 Noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi həkk olundu. 44 günlük Vətən müharibəsində iştirak etmiş bir döyüşçü kimi onu da qeyd etmək istəyirəm ki, bu savaş torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə olmaqla yanaşı, xalqımızın, millətimizin həmrəyliyinin təntənəsi idi.
Bütün hərbi qulluqçular kimi mənim də qarşımda bir məqsədim, bir amalım var idi. Torpaqlarımızı düşməndən azad etmək, qarşımızda maneə olan düşməni məhv etmək. Döyüşlərə yollanarkən bütün silahdaşlarımızın da məqsədi düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmək idi. Qələbədən altı il keçməsinə baxmayaraq, keçdiyim döyüş yolu anbaan gözümün qarşısındadır. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan şanlı Azərbaycan bayrağını gördükcə həyatımın ən qürurlu anlarını yaşayıram. Həmin anlarda bir daha anlayıram ki, çəkdiyimiz əziyyətlər hədər getməyib.
Təbii ki, bu Qələbəni Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi, ordumuzun gücü, xalqımızın birliyi, şəhidlərimizin qanı və canı bahasına qazandıq. Mən həm də ondan qürur hissi keçirirəm ki, Daxili Qoşunların şəxsi heyəti bu gün də polis əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizdə asayişin və ictimai təhlükəsizliyin qorunması üzrə xidmətlərini davam etdirirlər.








