Pressa.az » Dünya » Livanda milli matəm elan edildi

Livanda milli matəm elan edildi

09 aprel 2026, Cümə axşamı, 08:32
Livanda milli matəm elan edildi

Livan hökuməti İsrail ordusunun həyata keçirdiyi hücumlarda 254 nəfərin həyatını itirməsindən sonra ölkədə bir günlük milli matəm elan edib.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Nəvaf Salamın Ofisindən verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, 9 aprel 2026-cı il tarixində hücumlar nəticəsində həlak olan, yaralanan və zərər çəkən yüzlərlə mülki şəxsin xatirəsinə ölkə üzrə yas günü keçiriləcək.

Həmin gün dövlət qurumları, hökumət binaları və bələdiyyələr fəaliyyətini dayandıracaq, ölkə üzrə bayraqlar yarıya endiriləcək. Televiziya və digər media yayımları da yas ab-havasına uyğun şəkildə tənzimlənəcək.

Baş nazir Nəvaf Salam Livan xalqına, xüsusilə də hücumlarda yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə sağalma arzulayıb.

Bununla yanaşı, Livan hökumətinin İsrail hücumlarının qarşısını almaq üçün siyasi və diplomatik səylərini gücləndirdiyi, həm ərəb ölkələri, həm də beynəlxalq ictimaiyyətlə fəal əlaqələri davam etdirdiyi vurğulanıb.

Qeyd edək ki, İsrail ordusu ötən gün günorta saatlarında əvvəlcədən xəbərdarlıq etmədən Beyrut, eləcə də, Livanın şərq və cənub bölgələrində təxminən 100 nöqtəyə eyni vaxtda hava zərbələri endirib. Axşam saatlarında isə döyüş təyyarələri paytaxtın Tel-Hayyat rayonunda yerləşən bir binanı hədəf alıb.

Bu hücumların 2 mart tarixindən bəri Livana qarşı həyata keçirilən ən genişmiqyaslı və şiddətli əməliyyat olduğu bildirilir. Son məlumatlara görə, hücumlar nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb, onlardan 92-si paytaxt Beyrutda qeydə alınıb.