Pressa.az » Ölkə » Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər

Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər

26 dekabr 2024, Cümə axşamı, 14:52
Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Bundan başqa, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik də dövlətimizin başçısına başsağlığı verib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.

İcazə verin, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.

İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.

Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram".

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.

Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".