İslamabad danışıqlarının sirləri açılır - Əraqçı ABŞ təmsilçilərini nədə ittiham edib?
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında baş tutan danışıqlar zamanı İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Ştatların nümayəndə heyətinə fevral ayındakı hücum fonunda bundan sonra qarşılıqlı etimadla bağlı sual ünvanlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
"Əgər Cenevrədəki son görüşdə (fevralın sonunda - red.) ABŞ-nin diplomatik proses davam edərkən hücum etməyəcəyinizi bildirmişdinizsə, biz sizə necə etibar edə bilərik?", - deyə o qeyd edib.
Eyni zamanda, mənbələr vurğulayıblar ki, adətən təmkinli davranan Əraqçı bu dəfə daha sərt tonda danışıb.
Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti gün ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı mövzusunda Tehranla razılaşma əldə edə bilmədiyini, bu səbəbdən ABŞ hərbçilərinin İranın dəniz blokadasına başladığını bəyan edib.
İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Devid Vens rəhbərlik edib. Ondan əlavə, qrupun tərkibində dövlət başçısının xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yer alıblar.
İran nümayəndə heyətinə isə ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və XİN rəhbəri Abbas Əraqçı başçılıq edib.
