Pressa.az » Dünya » İrana məxsus supertanker Hörmüzdə ABŞ blokadasını maneəsiz keçib

İrana məxsus supertanker Hörmüzdə ABŞ blokadasını maneəsiz keçib

15 aprel 2026, Çərşənbə, 13:48
İrana məxsus supertanker Hörmüzdə ABŞ blokadasını maneəsiz keçib

İrana məxsus, iki milyon barel neft daşımaq gücündə olan nəhəng tanker ABŞ-nin dəniz blokadasını yararaq, heç bir maneə ilə qarşılaşmadan təyinat yerinə çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, Birləşmiş Ştatların sanksiyaları altında olan supertanker açıq dənizdən və Hörmüz boğazından keçərək, mövqe müəyyənləşdirmə sistemi açıq vəziyyətdə İran sularına daxil olub.

Qeyd edək ki, aprelin 13-dən etibarən ABŞ Hörmüz boğazında blokadaya başlayıb və ayın 15-də verilən açıqlamada hələlik heç bir gəminin bu maneəni aşa bilmədiyi iddia olunub. "The Wall Street Journal" nəşrinin yazdığına görə, Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər neft ixracatçıları İranın husilər vasitəsilə Bab-əl-Məndəb boğazını da bağlaya biləcəyindən ehtiyatlanaraq, blokadanın ləğvi üçün ABŞ-yə təzyiq göstərirlər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.