Pressa.az » Dünya » Yaponiyada dünyanın ən nəhəng nüvə elektrik stansiyası işə düşdü

Yaponiyada dünyanın ən nəhəng nüvə elektrik stansiyası işə düşdü

16 aprel 2026, Cümə axşamı, 15:33
Yaponiyada dünyanın ən nəhəng nüvə elektrik stansiyası işə düşdü

Cümə axşamı Yaponiyanın Tokio Elektrik Enerji Şirkəti (TEPCO) bir sıra təxirəsalma, fəaliyyətin dayandırılması və təkrar işəsalma sınaqlarının ardınca dünyanın ən nəhəng nüvə elektrik stansiyası sayılan Kaşivazaki-Kariva AES-i rəsmən kommersiya istismarına buraxıb.

Liderxeber.az TASS-a istinadən bildirir ki, müvafiq məlumatı Yaponiya korporasiyası yayımlayıb.

Cari ilin yanvarında Kaşivazaki-Kariva AES-in altıncı bloku yenidən fəaliyyətə başlasa da, texniki baxışlar səbəbindən işi dəfələrlə dayandırılmışdı. Stansiyanın tam kommersiya istismarına verilməsi martın 18-nə nəzərdə tutulsa da, xəbərdarlıq siqnalının işə düşməsi prosesi ləngitmişdi. Məlum olub ki, problem reaktorun torpaqlama sistemində yerləşən detalların köhnəlməsi və sıradan çıxması ilə bağlı olub. Qeyd edək ki, hadisə zamanı heç bir radiasiya sızması qeydə alınmayıb.

Dünyanın ən böyük atom elektrik stansiyası hesab edilən bu obyekt ümumi gücü 8.2 GVt-a bərabər olan yeddi reaktorla təchiz edilib.

Xatırladaq ki, 2011-ci ilin yaz aylarına qədər Yaponiyanın elektrik enerjisi ehtiyacının üçdəbirini təmin edən 54 nüvə reaktoru mövcud idi. Lakin Fukuşima Daiçi AES-dəki məlum qəzadan sonra bütün reaktorların fəaliyyəti dayandırıldı. Hazırda rəsmi Tokio gücləndirilmiş təhlükəsizlik qaydaları tətbiq etməklə nüvə stansiyalarının fəaliyyətini mərhələli şəkildə bərpa edir. İndiki vaxtda ölkə ərazisində 14 reaktor işləyir və bu göstəricinin gələcəkdə daha da artırılması planlaşdırılır.