Rial dollara qarşı rekord səviyyədə ucuzlaşdı
Son iki gündə İran rialı dollara nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Məlumata görə, aprelin 29-da rialın məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 1,8 milyon rialı (təxminən 2,33 AZN) keçib.
Bildirilir ki, daha əvvəl bir neçə həftə ərzində valyuta minimal idxal və ixrac həcmləri səbəbindən nisbətən sabit qalmışdı. Üstəlik, martın sonunda ABŞ-nin İran neftinin satışına qismən icazə verməsindən sonra rial hətta 1 dollara qarşı 1,559 milyona qədər (təxminən 2 AZN) möhkəmlənmişdi.
Lakin sonradan Vaşinqtonun Hörmüz boğazını İran gəmiləri üçün bağlaması valyutanın dəyərdən düşməsi ilə nəticələnib.
Ekspertlər rialın dəyərdən düşməsinin ölkədə inflyasiyanı daha da ağırlaşdıra biləcəyini istisna etmirlər. Buna səbəb isə ölkənin bir çox məhsullar üzrə idxaldan əhəmiyyətli dərəcədə asılı olmasıdır.
