Pressa.az » Dünya » Almaniya ilə ABŞ arasında münasibətlər gərginləşir? - Strateji plan pozula bilər

Almaniya ilə ABŞ arasında münasibətlər gərginləşir? - Strateji plan pozula bilər

30 aprel 2026, Cümə axşamı, 15:56
Almaniya ilə ABŞ arasında münasibətlər gərginləşir? - Strateji plan pozula bilər

ABŞ-nin Almaniyadakı hərbi kontingentinin ehtimal edilən ixtisarı bu ölkədə "Tomahawk" raketlərinin ilin sonuna qədər yerləşdirilməsi planını təhlükə altına sala bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar daha əvvəl ilin sonunadək Almaniyada uzaqmənzilli "Tomahawk" raketlərini yerləşdirməyi planlaşdırıb, amma daha sonrakı kontingenti azaltma qərarı ABŞ-nin ortamüddətli müdafiə strategiyalarını da poza bilər.

"Berlin eyni zamanda yerüstü "Typhon" buraxılış qurğularını da tələb edib", - deyə məqalədə bildirilir. ABŞ Ordusunun katibi Den Driskollun hazırda Almaniyada səfərdə olduğu vurğulanır.

"Tomahawk" və digər uzaqmənzilli zərbə vasitələrinin yerləşdirilməsinə dair razılaşma ABŞ və Almaniya arasında 2025-ci ilin iyulunda əldə olunub.

Məqalədə Almaniyada yerləşən ABŞ hərbçilərinin sayının azaldılmasının həm logistika, həm də siyasi maneələrlə üzləşə biləcəyi diqqətə çatdırılır. Belə ki, 2025-ci ildə hərbi qüvvələrin bir hissəsinin Rumıniyadan çıxarılması zamanı olduğu kimi, Konqresdəki respublikaçılar yenə də qoşunların ixtisarına etiraz edə bilərlər. Bundan əlavə, Nümayəndələr Palatası ötən ilin dekabrında administrasiyanın Avropadan qoşun çıxarmaq səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp rəhbərlik etdiyi administrasiyanın Almaniyadakı hərbi kontingentin azaldılması variantını nəzərdən keçirdiyini bəyan edib. Ağ Ev lideri bu addımın səbəblərini açıqlamasa da, nəşr iddia edir ki, bu bəyanat Almaniya Kansleri Fridrix Mertsin Vaşinqtonun İranla bağlı inandırıcı strategiyasının olmaması barədə sözlərinin Vaşinqtonu qəzəbləndirməsindən sonra verilib.

Xatırladaq ki, Tramp 2020-ci ildə də ABŞ hərbçilərinin bir qismini Almaniyadan çıxarmağa cəhd göstərmişdi, lakin o vaxt Konqresin müqaviməti səbəbindən demokrat Co Baydenin hakimiyyətə gəlməsinə qədər bu planları reallaşdırmaq mümkün olmamışdı. Nəşr Almaniyadakı hərbi kontingentin ixtisarı ilə bağlı yaranan yeni təhlükəni şəxsi siyasi məqsədlər naminə NATO ölkəsi ilə münasibətlərin bir kənara atılmasının növbəti nümunəsi kimi qiymətləndirir.