Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - Təhlil
Cənubi Qafqazda hərbi-siyasi vəziyyət yeni təhlükəli mərhələyə qədəm qoyur. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Azərbaycanın öz suveren ərazisində - Qarabağda keçirdiyi antiterror əməliyyatı nəhayət regionda separatizmin kökünün kəsildiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından vaz keçdiyini, iki ölkə arasında münaqişəyə son qoyacaq sülh müqaviləsinin imzalanmasına ümidləri artırırdı.
Amma buna qədər olduğu kimi, öz hərbi və diplomatik sahədə ardıcıl məğlubiyyətlərindən nəticə çıxarmayan Ermənistan rəhbərliyi yenə də sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şəraitdə qeyri-konstuktiv yanaşma sərgilməyə başladı.
Bu qeyri-konstruktivlik Ermənistanın Azərbaycan XİN-nin iki ölkə arasında sülhlə bağlı təkliflərinə cavabları gecikdirməklə başlamışdı. Beynəlxalq tədbirlərdə Azərbaycanın Qarabağda guya “etnik təmizləmə” həyata keçirməsinə dair əsassız iddialar səsləndirməsi, Qarabağın erməni sakinlərinin hüquqları ilə bağlı bəndin iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin mətninə salınması cəhdləri, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli razılaşmanın Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndini aşkar şəkildə pozması və s. özünü büruzə verirdi.
Bu addımlarda Ermənistan hakimiyyətindəki revanşist qüvvələrin önəmli rolu olsa da, prosesdə regiondan kənar ölkələrin, xüsusən Fransanın rolu olub. XXI əsrdə hələ də utancverici neokolonikal dövlət statusu daşıyan Fransa qlobal miqyasda oynadığı təxribatçı rolunu, Cənubi Qafqaz regionundakı proseslərdə də oynamağa çalışır.
Ermənistanın Rusiyadan uzaqlaşmaqla bağlı tutduğu siyasi kursu regionda nüfuzunu artırmaq üçün geosiyasi fürsət bilən Paris ötən müddət ərzində bu ölkədə təsirini artırmaq, Cənubi Qafqazda militarizasiya və Ermənistanı sülh danışıqlarından uzaqlaşdırmaq üçün ardıcıl addımlar atdı.
Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə seçilən ermənipərəst Makron hökuməti planetin fərqli yerlərində - Okeaniyada, Afrikada, Cənubi Amerikada yürütdüyü avantürist siyasəti Cənubi Qafqaza da daşımağa cəhd edir. Bunun üçün isə daim özünə himayədar axtaran Ermənistan hakimiyyətini bir alət kimi istifadə edir, onu Üçüncü Qarabağ Müharibəsinə hazırlaşdırır.
iyasi üzaqgörənliyi sıfır səviyyəsində olan, zəif iradəli və asanlıqla manipulyasiya edilən Paşinyan hakimiyyəti isə həvəslə Parisin Cənubi Qafqazdakı aləti, forpostu olmaq rolunu icra edir.
Ermənistanın Üçüncü Qarabağ Müharibəsi istədiyini, Fransa və digər qlobal oyunçular tərəfindən buna hazırlandığını rəsmi İrəvanın son addımları, silah arsenalını genişləndirməsi aşkar sübut edir.
2020-ci ildən bəri Ermənistan yeni hərbi partnyoru, Fransa ilə də yaxın dostluq edən Hindistandan dəyəri yüzmilyonlarla dollar olan "Akaş" hava hücumundan müdafiə kompleksi, "ATAGS" və “MArG 155” özüyeriyən haubitsaları, “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Konkurs” tank əleyhinə raketləri və s. əldə edib.
Bundan başqa, eskalasiyanın əsas sponsoru Fransa da Ermənistan son illərdə bir sıra silahlar satıb. Fransa rəsmi İrəvanla ötən ilin oktyabrında 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnikanın satışı barədə saziş imzalamışdı. Sazişdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair bənd də var idi.
Rəsmi Paris bu sazişi Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia edir, ölkənin təhlükəsizliyini gücləndirməyə dəstək kimi qələmə verirdi.
Amma bu il iyunun 19-da Fransanın Ermənistan 36 ədəd SEZAR özüyeriyən haubitsasının verilməsi ilə bağlı imzaladığı müqavilə Parislə İrəvanın növbəti yalanını üzə çıxardı.
Bu addımın ardınca, sinxron şəkildə, sırf “təsadüf” nəticəsinə, Fransanın 100-ə yaxın tanınmış simasının Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Prezident Emmanuel Makrona müraciət ünvanladığı, müraciətdə Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırışın yer aldığı məlum oldu.
Aydın məsələdir ki, bu informasiya axını Parislə İrəvan arasında razılaşdırılmış şəkildə, ölkəyə Fransa qüvvələrinin gəlişini hazırlamaq niyyəti ilə atılıb.
Beləliklə, Cənubi Qafqazın əsas ölkəsi – Azərbaycanın maraqları və mövqeyi nəzə alınmadan Fransanın hücum xarakterli SEZAR haubitsalarını Ermənistan satması və ardınca, fransız hərbiçlərin ölkəyə yerləşdirilməsinə hazırlıq üçün hazırlanan informasiya fonu ilk növbədə Azərbaycana təhdid yaradır, regionda hərbi-siyasi vəziyyəti irimiqyaslı müharibə həddinə gətirir.
Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlaması, beynəlxalq hüquq və normaları pozması faktı bu kontekstdə Ermənistanın kütləvi silahlanma ilə bağlı addımlarını, xüsusilə hücum silahları almasını qeyri-legitim edir. Rəsmi İrəvanın bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyini, “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Konstitusiyasını dəyişmək istəməməsi Azərbaycanın özünü təhdiddə hiss etməsi, Ermənistanın silahlanmasına qarşı onun ərazisində preventiv addımlar atması hüququnu legitimləşdirir.
Azərbaycan ən yüksək səviyyədə dəfələrlə Ermənistana ölümcül silahlar almaqdan və regionu hərbiləşdirməkdən vaz keçməklə bağlı xəbərdarlıq edib.
2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın kütləvi silahlanması və Azərbaycana qarşı təhlükə törədəcəyi təqdirə atılacaq addımlar barədə açıq danışmışdı.
“Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.
Göründüyü kim, rəsmi Bakı Ermənistanla eskalasiyada maraqlı deyil, bunun baş verməməsi üçün önləyici addımlar atır. Amma görünən odur ki, Nikol Paşinyan hökuməti üçüncü ölkələrin, konkret Fransanın diktəsi ilə hərəkət edir, sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli situasiyanı toksikləşdirir, hərbi təxribatlara meyllənir.
Amma heç kim unutmamalıdır ki, rəsmi Bakı regionda yeni Qarabağ müharibəsi başlatmaq istəyən Ermənistanın hərbləşmə xəttini davam etdirməsini, öldürücü silahlar almağa davam etməsini sakit şəkildə izləməyəcək.
Ermənistan və onun yeni ağası Fransa unutmalı deyil ki, Azərbaycanın bu ölkənin bütün ərazisində istənilən hərbi hədəfi dəqiqliklə məhv etmək, zərərsizləşdirmək üçün bütün hərbi-texniki vasitələrə malikdir.
Azərbaycan heç vaxt Ermənistana hərbi balansı dəyişmək imkanı tanımayacaq və bütün təxribatlara qəti şəkildə cavablayacaq. Rəsmi İrəvan bu faktı, həmçinin növbəti hərbi münaqişənin artıq Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoya biləcəyini unutmamalıdır.