İran Pakistan vasitəsilə ABŞ-yə yeni atəşkəs təklifləri göndərdi
İran Vaşinqtonla danışıqlarda vasitəçi qismində çıxış edən Pakistana uzunmüddətli atəşkəsin müzakirəsi üçün yeni təkliflərini təqdim edib.
Liderxeber.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai münaqişənin dayandırılması və sülhün bərqərar edilməsini ölkəsinin prioritet məqsədi adlandırıb.
Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Tərəflər ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər.
Ertəsi gün ABŞ Prezidenti Donald Tramp da bunu bəyan edib. Bu səbəbdən ABŞ hərbçiləri İranın dəniz blokadasına başlayıblar.
İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens rəhbərlik edib. Bundan başqa, qrupun tərkibində dövlət başçısının xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner olub. İran nümayəndə heyətinə isə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və XİN başçısı Abbas Əraqçı rəhbərlik edib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
