İsrail-İran qarşıdurması kritik həddə - Trampdan ilginc mövqe
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti hücumlardan çəkinməyə çağırmasına baxmayaraq, Təl-Əviv İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bundan bir neçə saat əvvəl isə Tramp bildirib ki, Təl-Əviv və Tehran arasındakı yeni zərbələr onun rəhbərliyinin İranla apardığı sülh danışıqlarına təsir etməyəcək. O əlavə edib ki, qərarları İsrailin Baş naziri Benyamin Netanyahu qəbul etmir.
"Bu, razılaşmaya heç bir təsir göstərməyəcək. Bütün qərarları mən verirəm. O qərar qəbul etmir", - deyə Ağ Ev lideri bildirib.
Xatırladaq ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə silsilə zərbələr endirib. "Tasnim" agentliyinin məlumatına görə, Tehran bu hücumu İsrail ordusunun (SAXAL) Beyrutda həyata keçirdiyi əməliyyatlara cavab kimi izah edib. Bu, son iki ayda İran silahlı qüvvələri tərəfindən İsrailə atılan ilk raket zərbələridir. İran İsraili bərk yanacaqla işləyən "Xeybarşekan" raketləri ilə hədəfə alıb.
Agentliyin məlumatında bildirilir ki, həmin raketlərin uçuş mənzili 1 450 kilometrə bərabərdir, ağırlığı isə təqribən 4 500 kiloqramdır. Qeyd olunan ballistik raket növü SEPAH-ın üçüncü nəsil arsenalına daxildir. Rəsmi Tehran İsrailə qarşı həyata keçirilən hücumu bir xəbərdarlıq kimi qiymətləndirib. SEPAH-ın açıqlamasına görə, zərbə üçün əsas hədəf hərbi aviabaza seçilib. Bildirilir ki, SAXAL Livan ərazisindəki hədəfləri məhz həmin bazadan atəşə tutub. İran hücumdan əvvəl Tel-Əvivin Beyruta endirdiyi zərbələri kəskin pisləyib.
Nəzərə çatdıraq ki, ABŞ Prezidenti Donald Tramp Tehran rəhbərliyini də yenidən danışıqlar masasına əyləşməyə səsləyib. O, tərəflərin sülh müqaviləsi imzalamaq ərəfəsində olduğunu iddia edərək, İrandan növbəti hücumlardan çəkinməyi xahiş edib. Ağ Ev lideri vurğulayıb ki, Tehran artıq öz raketlərini buraxıb və o, bu addımları yetərli sayıb.
