Pressa.az » Dünya » Qəhvə və şokolad yenidən bahalaşa bilər - SƏBƏB

Qəhvə və şokolad yenidən bahalaşa bilər - SƏBƏB

01 iyul 2026, Çərşənbə, 12:31
Qəhvə və şokolad yenidən bahalaşa bilər - SƏBƏB

Dünyada qəhvə və şokoladın qiyməti tropik bitkilərin məhsuldarlığına təsir göstərən El-Ninyo hava fenomeni səbəbindən yenidən arta bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə "Finansı Mail" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, El-Ninyo Sakit okeanın mərkəzi və şərq hissələrində səth sularının istiləşməsi ilə xarakterizə olunan iqlim hadisəsidir. Bu fenomen qlobal miqyasda qasırğaların, ekstremal istilərin, quraqlıqların və leysan yağışlarının başvermə ehtimalını artırır.

Kakao sektoru üçün ən böyük risk məhsulun əsas istehsalçısı olan Qərbi Afrika bölgəsi ilə bağlıdır. Güclü yağışlar kakao ağaclarında göbələk infeksiyalarının yayılmasına səbəb ola bilər. Ardınca gələn isti hava və quraqlıq isə məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldacaq.

Bildirilir ki, 2024-cü ildə yaranan məhsul qıtlığı kakaonun qiymətinin kəskin artmasına səbəb olmuş, bəzi dövrlərdə bir ton kakao xammalının qiyməti 12 min dolları keçmişdi.

İyun ayının sonlarına yaxın kakao füçerslərinin qiymətində yenidən yüksəlmə qeydə alınıb. Belə ki, Nyu-York Əmtəə Birjasında qiymətlər 8.5 faiz yüksələrək təxminən 5 040 dollara çatıb.

El-Ninyonun qəhvə istehsalına təsiri isə məhsulun növündən asılı olaraq dəyişir. İndoneziya və Vyetnamda müşahidə olunan quraqlıq robusta növünün məhsuldarlığını azalda bilər. Arabika sortunun taleyi isə əsasən Braziliyadakı hava şəraitindən asılıdır.

Ekspertlər bildirirlər ki, birjalarda qeydə alınan qiymət artımları mağaza rəflərində dərhal hiss olunmur. Buna anbar ehtiyatları, uzunmüddətli müqavilələr, logistika xərcləri və valyuta məzənnələri təsir göstərir. Lakin xammalın qiyməti uzun müddət yüksək səviyyədə qalarsa, istehsalçılar şokolad məhsullarının çəkisini azaltmağa və ya onların tərkibini dəyişməyə məcbur ola bilərlər.