Tramp: "Güllələnmək qorxusu ilə yaşamıram"
ABŞ Prezidenti Donald Tramp tutduğu vəzifənin təhlükələrini dərk etdiyini və güllələnmək qorxusu ilə yaşamadığını vurğulayıb.
Liderxeber.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu "Fox News" telekanalına müsahibəsində deyib.
"Bu, təhlükəli bir postdur. Yalnız nüfuzlu prezidentlərə atəş açılır və ya onlar vurulurlar. Mən isə çox nüfuzluyam. Biz bütün dünyanı dəyişdirdik, ölkəmizi xilas etdik", - deyə ölkə başçısı bildirib.
O, məruz qaldığı sui-qəsd cəhdlərindən sonra həyatına qorxu hissi olmadan davam etdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, 2024-cü ilin iyul ayında Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçkiqabağı mitinq zamanı Tramp tüfəngdən açılan atəş nəticəsində sağ qulağından yaralanmışdı.
Cari ilin aprel ayının 25-də isə Vaşinqtondakı mehmanxanaların birində media nümayəndələrinin şərəfinə verilən şam yeməyində 31 yaşlı Kaliforniya sakini atəş açmışdı. Həmin vaxt prezident xəsarət almamış, hücum edən şəxs isə ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılmışdı.
