İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirib
İran ordusu sentyabrın 1-də ABŞ-nin İslam Respublikasının cənubuna endirdiyi zərbələrə cavab olaraq, Küveyt və BƏƏ-dəki ABŞ hərbi bazalarına cavab hücumları həyata keçirib.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.
"İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ Qüvvələrinin BƏƏ və Küveytdəki bazalarına raket və PUA-larla (pilotsuz uçuş aparatı, dron) zərbələr endirib", - deyə məlumatda bildirilib. Qeyd edilir ki, ABŞ qüvvələrinin Küveytdəki peyk rabitə sistemləri, avadanlıq anbarları və aerodromları, eləcə də ABŞ Silahlı Qüvvələrinin BƏƏ-dəki qoşunlarının yerləşmə yerləri və radarları zərbələrə məruz qalıb.
İran ordusunun bəyanatına əsasən, hücumlar cümə axşamı (3 sentyabr) səhər həyata keçirilib.
Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə zərbələr seriyasının endirilməsi barədə məlumat verib. Partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Keşm adasında və bir sıra şəhərlərdə baş verib. İran cavab olaraq ABŞ-nin BƏƏ, İordaniya, İraq və Bəhreyndəki hərbi bazalarına zərbələr endirib. İran Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ-nin sentyabrın 1-də İranın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı 18 nəfər ölüb, 108 nəfər yaralanıb.
