Hadrutun işğaldan azad olunmasından dörd il ötür - "Qeyri-bərabər döyüşdə düşməni darmadağın etdik"
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Bu münasibətlə media nümayəndələri və hərbi ekspertlərin iştirakı ilə Hadrut qəsəbəsinə mediatur təşkil olunub.
Səfər zamanı qəsəbənin strateji əhəmiyyəti, işğaldan azad edilməsi prosesi və müharibənin gedişinə təsirləri ilə bağlı verilən informativ məlumatlar mediaturun əsas istiqaməti olub. Hadrutun işğaldan azad edilməsində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları, eləcə də hərbi ekspertlər Hadrut əməliyyatı ilə bağlı açıqlamalar veriblər.
Hərbi qulluqçular qalib Ordunun əsgəri olmaqdan və azad edilən ərazilərdə xidmətlərini davam etdirməkdən qürur duyduqlarını ifadə ediblər:
"Hadrut düşmən üçün işğal altında saxladığı ərazilərimizin gözü sayılırdı. Əbəs deyildi ki, onların ən çox məskunlaşdığı yerlərdən biri də məhz bura idi. Düşmən əsla düşünmürdü ki, biz Hadruta hücum edərik. Lakin biz düşmən gözləmədiyi halda Cəbrayıl istiqamətindən Hadruta doğru irəlilədik. İki qrupa ayrılmışdıq. Qısa zaman kəsiyində artıq düşmənin dərinliyinə qədər gedib çıxmışdıq".
Hərbi qulluqçu bildirib ki, hücum zamanı düşmənin onlardan xəbəri olmayıb:
"Lakin biz onların hərbi hissəsinə yaxınlaşanda bizi gördülər və aşkara çıxdıq. Buna baxmayaraq, onları məhv etməyə müyəssər olduq. Ondan sonra isə onların hərbi hissəsində çaxnaşma başladı. Bu dəfə isə qeyri-bərabər döyüşə girdik və düşməni tamamilə darmadağın etdik. Qısa zaman kəsiyində Hadrut işğaldan tamamilə azad olundu və ərazi artıq bizim tam nəzarətimizə keçdi", - deyə hərbçi vurğulayıb.
O, Hadruta nəzarəti bərpa edəndən sonra Şuşakənd istiqamətinə doğru irəlilədiklərini əlavə edib:
"Təəssüf ki, Şuşakəndə çatanda mən artıq yaralanmışdım. Ondan sonra isə irəliləyə bilmədim. Təbii ki, heç bir döyüş itkisiz olmur. Bizim də yaralılarımız, şəhidlərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".
Hadrut əməliyyatında iştirak edən daha bir hərbi qulluqçu da əməliyyat haqqında danışıb:
"2020-ci ilin 27 sentyabrında səhər saatlarından etibarən düşmən təxribatının qarşısını almaq məqsədilə bölmələrimiz əks-hücuma keçdi. Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları dəqiqliklə yerinə yetirdi. Hadrutun azad olunması isə növbəti əməliyyatlar üçün xüsusi önəm kəsb edirdi, çünki bu məğlubiyyət düşməndə ruh düşkünlüyünün yaranmasına və qorxuya səbəb oldu".
"Ümumiyyətlə, düşmən Azərbaycan Ordusunun Hadruta qədər gəlib çıxacağını düşünmürdü. Amma biz qarşımıza qoyulan bütün tapşırıqları dəqiq və vaxtında icra etdiyimiz, həmçinin döyüşdə düzgün idarəçilik olduğu üçün 44 gün ərzində Hadrut da daxil olmaqla torpaqlarımızı işğaldan azad etdik. Bu sevinci Azərbaycan xalqına yaratdığımız üçün çox qürurluyuq. Təbii ki, bizim qardaşlarımız, çiyin-çiyinə döyüşdüyümüz yoldaşlarımız şəhidlik zirvəsinə yüksəldilər. Onların haqqı danılmazdır. Biz bu gün bu bölgələrdə rahat gəziriksə, bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, şəhidlərimizin, qazilərimizin və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsindədir", - hərbçi əlavə edib.
Təbii ki, Hadrutun azad edilməsi strateji cəhətdən mühüm əhəmiyyətə malik idi. Çünki Azərbaycan Ordusunun qəsəbəyə nəzarəti bərpa etməsi ordumuzun həm də Qarabağın dağlıq hissəsinə nəzarətə malik olması demək idi. Bu baxımdan, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində əsas dönüş nöqtələrindən biri sayılır. Əbəs deyil ki, Ermənistan ordusunun motoatıcı diviziyasının qərargahı da məhz Hadrutda yerləşirdi. Onların əsas döyüş tapşırığı isə cənub istiqamətində müdafiənin təşkil edilməsi idi.
Hadrtun strateji əhəmiyyətindən danışan hərbi ekspert Azər Bayramov bildirib ki, ərazinin işğaldan azad edilməsi və düşmən diviziyasının qərargahının dağıdılması öndə duran ən prioritet məsələlərdən biri idi:
"Bu istiqamətdə Azərbaycan Ordusu əvvəlcə əsas müqavimət mərkəzlərini sıradan çıxardı və yaranan boşluqlardan istifadə edərək kiçik qruplarla dərinliyə sızıb fəaliyyət göstərdi. Bu da Ermənistan ordusunda panikaya səbəb oldu".
"Bununla paralel olaraq, Azərbaycan Ordusu, əsasən, Cənub-Qərb və Şimal-Şərq istiqamətlərindən bu fəaliyyətləri icra etdi və bundan sonra düşmənin konkret olaraq hər hansı bir tapşırığı yerinə yetirmək iqtidarında olmadığını müşahidə etdik. Bundan sonrakı dönəmdə də Azərbaycan Ordusu Hadrutu işğaldan azad etməklə digər istiqamətlərdə, xüsusən də düşmənin nəqliyyat və təchizat yolları var idi ki, bəzilərinə vizual olaraq, bəzilərinə də fiziki olaraq nəzarəti ələ keçirdi. Növbəti mərhələdə biz Füzulinin işğaldan azad edilməsini müşahidə etdik", - deyə ekspert vurğulayıb.
Müsahibimiz bildirib ki, Azərbaycan Ordusu növbəti əməliyyatını Şuşa istiqamətində həyata keçirib və bununla həm də düşmənin formalaşdırdığı mifi darmadağın edib:
"Çünki Ermənistan ordusunda belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu düzənlik ərazilərdə uğur əldə etsə də, dağ şəraitində gedən döyüşlər Ermənistan tərəfinə hansısa bir üstünlük qazandıracaq və Azərbaycan Ordusunu saxlamağa müvəffəq olacaqlar. Ancaq burada da yanıldılar. Biz müşahidə etdik ki, Azərbaycan Ordusu istər düzənlik, istərsə də dağlıq relyefdə istənilən döyüş tapşırığının öhdəsindən gəlməyə qadirdir və Ermənistan tərəfinin də belə miflərlə yaşaması onların biabırçı şəkildə məğlubiyyətinə səbəb oldu".
"Məlum olduğu kimi, Cəbrayıl işğaldan azad ediləndən sonra 9-cu alayın şəxsi heyəti də Hadruta köçürülmüşdü. Şəxsi heyət üstünlüyünün kifayət qədər çox olmasına baxmayaraq, Azərbaycan Ordusu tapşırığın öhdəsindən gəldi və onların bir çoxunu zərərsizləşdirdi, digərləri fərarilik edərək qaçmağa məcbur oldular. Bu prosesdən sonra da biz Ermənistan ordusunda fərariliyin artmasını müşahidə etdik. Ümumiyyətlə, Hadrut əməliyyatı hərb tarixində öyrənilməli olan əməliyyatlardan biridir və Azərbaycan Ordusu istər düzənlik, istərsə də dağlıq şəraitdə tapşırığın yerinə yetirilməsində yeni bir səhifə açdı. Bundan sonrakı fəaliyyətlər isə Şuşa istiqamətində oldu və bölmələrimiz yenə də qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməkdə davam etdilər", - deyə Bayramov fikrini yekunlaşdırıb.
Hərbi şərhçi Ramil Məmmədli də açıqlamasında Hadrut əməliyyatının strateji əhəmiyyətindən danışıb:
"Hadrut yaşayış məntəqəsi və ətrafda yerləşən yüksəkliklər, xüsusən də Ərgünəş dağı Azərbaycan Ordusu üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Çünki Cəbrayılı işğaldan azad edən silahlı qüvvələrimiz Cəbrayıl-Füzuli və Cəbrayıl-Hadrut istiqamətində möhkəmlənməyə çalışırdılar. Bu möhkəmlənmənin təmin olunması üçün isə maneə yaradan amillər aradan qaldırılmalı idi. Bu amillərdən biri Ərgünəş dağı, ikincisi Hadrut və ətrafındakı digər yüksəkliklər idi. Silahlı Qüvvələrimiz əməliyyatlar nəticəsində ilkin olaraq yüksəklikləri, sonrakı mərhələdə isə yaşayış məntəqələrini işğaldan azad edə bildilər".
"Hadrutun işğaldan azad olunması həm Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsində mövqelərini gücləndirməsinə gətirib çıxardı, həm də cəbhənin yeni şəkildə formalaşmasını diktə etdi. Çünki Hadrut işğaldan azad ediləndən sonra Ermənistanın ordu birləşmələri mövqelərini digər istiqamətlərdə gücləndirməyə çalışırdılar. Bu isə çox qısa vaxtda həyata keçirilməli idi. Buna isə vaxt yox idi. Nəticədə Ermənistan ordusu müdafiə potensialına malik birinci, ikinci və üçüncü eşelon bölmələrini formalaşdıra bilmədi", - deyə şərhçi vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Azərbaycan Ordusunun hücum əməliyyatlarını sürətlə həyata keçirməsi vəziyyətin hər saat dəyişməsi ilə nəticələnirdi:
"Bu da Ermənistan üçün əlavə problemlərə yol açırdı. Hadrutun işğaldan azad olunması isə Azərbaycan Ordusunun Qırmızı Bazar, Xocavənd, Şuşa istiqamətində irəliləməsinə və Ermənistan ordusunun cənub cəbhəsində mövqelərinin sıradan çıxarılmasına gətirib çıxardı".
0xu.Az