Pressa.az » Dünya » Dəhşətli təyyarə qəzasında ölənlər tanınmış iş adamı və ailəsi imiş - Ad günündə ölüb - Fotolar

Dəhşətli təyyarə qəzasında ölənlər tanınmış iş adamı və ailəsi imiş - Ad günündə ölüb - Fotolar

03 noyabr 2026, Çərşənbə axşamı, 09:05
Dəhşətli təyyarə qəzasında ölənlər tanınmış iş adamı və ailəsi imiş - Ad günündə ölüb - Fotolar

“Retention.com” və “RB2B” proqram təminatı şirkətlərinin təsisçisi və baş direktoru, 44 yaşlı iş adamı Adam Robinson ailəsi ilə birlikdə ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzasında həyatını itirib.

Liderxeber.az xəbər verir ki, Texas ştatının Ostin şəhərindən Baham adalarına uçan “Learjet 60” markalı özəl təyyarənin Palm Biç yaxınlığındakı yaşayış məntəqəsinə düşməsi nəticəsində göyərtədə olan 9 nəfərin hamısı həlak olub.

Faciədə iş adamı ilə yanaşı, onun həyat yoldaşı Helen Şarp, iki azyaşlı uşaqları - 4 yaşlı Emma ilə 2 yaşlı Çarli, ailənin dayəsi Anita Maria Apellido Cetina və ailə dostları Reyçel Rid ilə Çarmi Fehr də ölüblər.

Məlumata görə, onlar təyyarə ilə Robinsonun ad gününü qeyd etməyə gedirmişlər.

Təyyarəni idarə edən 55 yaşlı kapitan pilot Ceff Qreqori və 20 yaşlı ikinci pilot Nataliya Qadelha Filqeyras da qəzada həlak olublar. İkinci pilotun 17 yaşından aviasiya təlimlərinə başlaması və böyük aviasiya xəyallarının olması diqqət çəkib.

İlkin məlumatlara görə, uçuş zamanı heyət əlverişsiz hava şəraiti, güclü turbulentlik barədə dispetçer xidmətinə məlumat verib. Pilot hündürlüyü artırmağı xahiş etsə də, az sonra təyyarə sürətlə enməyə başlayıb, təcili həyəcan siqnalı verib və yaşayış massivinə çırpılaraq alovlanıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Təyyarənin yerə çırpılmadan əvvəl havada parçalanması ehtimalı da araşdırılır.