Sammitdə soyuq qarşılanan Paşinyan – Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH
Fransada keçirilən Beynəlxalq Frankofoniya sammiti Ermənistanın baş naziri Nikol Paşinyan üçün sözün əsl mənasında fiasko ilə nəticələnib. Bu iddia və fikir Rusiya, yaxud Qərb deyil, Ermənistan mediasında səslənib.
Xəbərlər və şərhlərdə bildirilir ki, Paşinyanın xarici siyasətdəki uğursuzluqlar seriyası davam edir. Söhbət hakim komandanın birtərəfli qaydada Birləşmiş Ştatlara “stavka” etməsindən gedir. Frankofoniya sammitində baş nazir soyuq qarşılanıb. Düzdür, onun Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo ilə görüşü baş tutub. Lakin prezidentlə görüş xüsusi seçilməyib, daha çox protokol xarakteri daşıyıb. Erməni mediası xüsusi qeyd edir ki, sammitdə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yekun bəyanat da daha çox neytral xarakter daşıyıb.
Səbəblər də maraqlıdır. Qeyd olunur ki, baş nazirin Vaşinqtonla yaxınlığı Rusiya, İran və Azərbaycanla yanaşı, Fransanın da narazılığına səbəb olub. İranın narazılığına gəldikdə, bu ölkənin mediasından sitatlar gətirilib. Məsələn, İran İslam İnqilabı Keşikçilərinə məxsus teleqram kanalı maraqlı bir mesaj paylaşıb: "İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi ilə görüşüb. Daha əvvəl İranın atdığı raketləri izləmək və hədəfləri müşahidə etmək məqsədilə Ermənistanın İranla sərhədində Amerikanın uzaqmənzilli radarlarının yerləşdirilməsini göstərən sənədlər və videolar da dərc edilmişdi". Erməni mediası yazır ki, “bu, nə Moskva, nə Paris, nə Tehran, nə də Bakı tərəfindən rəğbətlə qarşılanmayacaq. İran narazılığını bu formada çatdırıb”.
Burada əsas diqqət Fransayadır. Makron hakimiyyəti, sadəcə, hər vəchlə Ermənistanı özünün növbəti koloniyasına çevirmək niyyətindədir. Bu istiqamətdə isə Birləşmiş Ştatlar ona əsas maneədir. E.Makron burada bir həqiqəti yaddan çıxarır. Ermənistan üçün müttəfiq, dost anlayışı yoxdur. Rusiya ilə münasibətlərdə yaşananlar bunun əyani sübutudur.
Uğursuzluqlarından getdikcə daha çox ümidsizləşən Fransa ucuz təxribatlara əl atır. Məsələn, erməni lobbisindən yemlənən Bordo şəhərinin mer müavini Loran Giyomun COP29-da iştirak bəhanəsi ilə elektrikli velosipedlə Avropaya səyahət şousu təşkil edib. Bunu keçən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamı kimi də qeyd etmək olar. Şübhəsiz ki, Fransanın belə səthi və primitiv variantlara əl atması onun mövqeyinin nə qədər zəif və yanlış olduğunu göstərir. Makron rejimi əxlaq və nəzakət normalarına zidd olan bu kimi addımlarla vəziyyəti gərginləşdirmək, həmçinin Azərbaycanın COP29-u layiqincə keçirməsinə imkan verməmək üçün əks istiqamətdə hərəkət edir.
Göründüyü kimi, Fransa Ermənistanı sözün əsl mənasında öz istəklərinə boyun əyməyə məcbur edir. Lakin nəticə baxımından rəzil duruma düşən Ermənistan və şəxsən Paşinyan olur. İrəvan özü də yaxşı başa düşür ki, orada yad cisimdir, adıçəkilən təşkilata aidiyyəti yoxdur. Ermənistan xalqı da nəhayət anlamalıdır ki, Fransa ondan yeni müstəmləkə düzəldir.
Report