Pressa.az » Dünya » Süni intellekt dünyanı necə dəyişdirəcək?

Süni intellekt dünyanı necə dəyişdirəcək?

17 oktyabr 2024, Cümə axşamı, 17:52
Süni intellekt dünyanı necə dəyişdirəcək?

Gələcəyimizi süni intellekt müəyyən edəcək, ona görə bu barədə çox danışmağa, müzakirələr açmağa və ən əsası isə bu prosesin mərkəzində olmağa böyük bir zərurət var.

Süni intellekt əslində uzun illərdir var idi. Biz hələ tələbə olarkən şüur mövzusunda bir hissə də süni intellektə ayrılırdı. Ancaq süni intellektin inkişafı və tərəqqisi ancaq indiki zamanda mümkün olub.

Süni intellektin kəşfi hansısa bir cihazın kəşfinə bənzəmir. Əlbəttə ki, hər bir cihaz dünyanı dəyişir, misal üçün televizor ya da radio... İnternetdən əvvəlki dövrdə uzaq bir ölkədən, ya da şəhərdən xəbər almaq üçün qəzetləri gözləmək lazım gəlirdi. Eləcə də telefonun, xüsusən də cib telefonunun kəşfi də həyatımızda bir çox şeyləri dəyişdirdi.

Süni intellektin kəşfi əslində internetin kəşfinə bənzəyir. Belə ki, internet ayrıca bir şey deyil, həm də bazisdir, infrastrukturdur. Belə ki, internetin kəşfi ilə biz bank ödənişlərini də internetlə edə bilirik, internetdən filmə baxır, bir-birimizlə danışırıq. İnternet həm də kitabxanadır. İnternet medianı, televiziyanı dəyişdirdi, qəzet dövrünü tarixə qovuşdurdu. Bir zamanlar metrodan keçmək üçün jeton atırdıq, kağız pulla ödəniş edirdik, indi isə sadəcə telefonu terminala yaxınlaşdırmaq kifayət edir.

Göründüyü kimi, internetin kəşfi hər şeyi dəyişib. Bir zamanlar elektrik kəşf ediləndə də eyni proses baş vermişdir. Belə ki, dünyada bircə günlük elektrik olmasa bütün cihazlarımız işləməyəcək və muzey eksponatına çevriləcək. Eynilə internetin olmaması da...

Göründüyü kimi, süni intellekt texnologiyalarımız üçün baza rolunu oynayacaq. Məsələn, verdiyimiz analizlərin nəticələrini süni intellektə daxil edəcəyik, o da bizə xəstəliyimizin adını və müalicəsini təyin edəcək. Ya da gedəcəyimiz yeri süni intellektlə çalışan avtomobilə söyləyəcəyik, o da bizi istədiyimiz yerə aparacaq. Bir çox peşələr də beləcə tarixə qovuşacaq. Biz hətta çöldə olduğumuz zaman belə robot tozsorana tapşırıq verəcəyik, o evi təmizləyəcək. (Hərçənd bu indi də mümkündür) Yemək sifarişlərimiz ağıllı dronlarla pəncərəmizə qədər gələcək.