Pressa.az » Dünya » Çinli alimlər insanı görünməz etməyin yolunu tapıblar

Çinli alimlər insanı görünməz etməyin yolunu tapıblar

05 dekabr 2024, Cümə axşamı, 10:03
Çinli alimlər insanı görünməz etməyin yolunu tapıblar

Çinli alimlər insanı görünməz etməyin yolunu tapıblar.

Liderxeber.az-ın verdiyi məlumata görə, elm adamları bununla bağlı "China Science Daily" jurnalında məqalə dərc ediblər.

Bildirilir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçılar qrupu işıqlandırma şəraitindən asılı olaraq molekulyar səviyyədə rəngini dəyişə bilən unikal material hazırlayıb. Onların sözlərinə görə, kamuflyaj sahəsində əsl inqilaba çevriləcək bu kəşf insanlara buqələmun kimi ətraf mühitə asanlıqla qarışmağa imkan verəcək.

"Bu texnologiya hərb və memarlıq da daxil olmaqla müxtəlif sahələrdə böyük potensiala malikdir. Bizim layihəmiz potensial olaraq insanı görünməz edə bilər", - deyə tədqiqatçı Van Donşenq bildirib.

Elm adamları vurğulayıblar ki, rəng dəyişikliyinin sirri müəyyən dalğa uzunluğunda işığın təsiri altında strukturunu dəyişən molekulyar birləşmədədir. Bunun sayəsində material ətraf mühitə təbii uyğunlaşmış görünür. Alimlər bu prosesi "özünüadaptiv fotoxromizm" adlandırıblar.

Qeyd edək ki, təbiətdə buqələmun və səkkizayaq kimi bəzi heyvanlar belə qabiliyyətlərə malikdir.

Çinli alimlər bu texnologiyanın təkmilləşdirilməsi üzərində işləməyə davam edirlər və yaxın gələcəkdə aktiv kamuflyaj funksiyalı materialların ilk prototiplərini təqdim etməyi planlaşdırırlar.