Azərbaycanın 6 boksçusu dünya çempionatının 1/4 finalında
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Liderxeber.az xəbər verir ki, mundialın 1/8 finalında Azərbaycan millisinin 6 idmançısı çıxışını qələbə ilə başa vurub.
Sübhan Mamedov (48 kq) 1/4 final uğrunda Mehron Şafiyevlə (Tacikistan) döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasında Şodiyorjon Melikuzyevlə (Özbəkistan) üz-üzə gələcək.
Məhəmmədəli Aşurəliyev (60 kq) ardıcıl üçüncü döyüşünü aktivinə yazıb. Boksçumuz 1/8 finalda Artuş Qomtsyana (Gürcütsan) da gücünü göstərib – 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27). Aşurəliyev 1/4 finalda Abdumalik Xalokovu (Özbəkistan) sınağa çəkəcək.
Zaur Qəhrəmanov (67 kq) bu dəfə Tomas Kasazzanı (Argentina) mübarizədən kənarlaşdırıb – 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26). Onun növbəti rəqibi Yevgeni Kul (Rusiya) olacaq.
Cəidcəmşid Cəfərov (75 kq) yenə rinqdən qalib ayrılıb. Təmsilçimiz Amir Abbası (Bəhreyn) hər üç raundda məğlub edib və yekunda 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Cəfərov yarımfinala gedən yolda Fazliddin Erkinboyevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Alfonso Dominqes (92 kq) debütdə Matias Veronla (Argentina) qüvvəsini sınayıb. Dünya çempionumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. Dominqes 1/4 finalda Andrey Zaplitni (Moldova) ilə gücünü yoxlayacaq.
Məhəmməd Abdullayev (+92 kq) isə startda Mvoqo Zaçaryeni (Kamerun) məğlub edib. 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanan dünya çempionatının mükafatçısı 1/4 finalda Dovlet İslamovla (Türkmənistan) qarşılaşacaq.
Qeyd edək ki, bu gün daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.
