"Formula 1: Azərbaycan Qran-prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Liderxeber.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, yarışın başlamasına qısa müddət qalıb və hazırlıqlar plana uyğun davam edir.
Azərbaycan Qran-prisinin təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək, akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışa qədər 28000-ə yaxın akkreditasiya və formanın verilməsi nəzərdə tutulub.
Avqustun 19-dan fəaliyyət göstərən Uniforma və Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya kartlarının hazırlanması, uniformaların verilməsi və sair kimi rolları yerinə yetirəcəklər. Bu il könüllü olmaq üçün 16000-ə yaxın müraciət daxil olub və onlardan 2000-ə yaxın könüllü yarışın təşkilinə cəlb olunub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.