Ötən il Azərbaycanda 1 095 dövlət əmlakı özəlləşdirilib
Ötən il Azərbaycanda 1 095 dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat vəsait daxil olub.
LiderXəbər xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.
O, 2021-ci ildə bu göstəricinin 112,7 milyon manat olduğunu deyib: "Ötən il investisiya layihələri üzrə 14,6 milyon manat investisiya qoyuluşu olub. Nəticədə 374 iş yeri yaradılıb, dövlət büdcəsinə birdəfəlik ödəniş isə 8,5 milyon manat təşkil edib. Keçən il baş tutmuş investisiya müsabiqələri üzrə 30 milyon manat investisiya qoyuluşu və 300-dən çox iş yerinin açılması planlaşdırılır. Nəticədə dövlət büdcəsinə 12 milyon manat birdəfəlik ödəniş təmin ediləcək".
M.Eynullayev bildirib ki, ötən il hərraclarda ümumi qiyməti 3 milyon 768,8 min manat olan 513 nəqliyyat vasitəsi satılıb: "285 nəqliyyat vasitəsinin satışı rəqabətli keçib ki, bununla da dövlət büdcəsinə əlavə olaraq 522,7 min manat vəsaitin daxil olması təmin edilib. 2021-ci illə müqayisədə nəqliyyat vasitələrinin satışından daxilolmalar ötən il 176 % artıb".