Nazir müavini: Slovakiya ilə 13 sazişi nəzərdən keçiririk
Slovakiya ilə imzalanması gözlənilən və əlaqələrimizi daha da gücləndirəcək daha 13 sazişi nəzərdən keçiririk.
Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan-Slovakiya biznes forumunda iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
O, Slovakiya ilə Azərbaycan arasında hüquqi bazanın genişləndiyini bildirib: "Ölkələrimiz arasında 14 sənəd imzalanıb. Baş nazir cənab Robert Fikonun may ayındaki səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə möhkəmlənən əlaqələrimiz müxtəlif sektorlar üzrə əlaqələrin dərinləşməsinə yol açacaq.
Biz 2021-ci ilin oktyabrında sənaye, tikinti, nəqliyyat, logistika da daxil olmaqla geniş sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzaladıq. Bu saziş investisiyaların təşviqi, enerji, mədənçıxarma, turizm, kiçik və orta sahibkarlıq və kənd təsərrüfatı. Bu saziş bizim iqtisadi tərəfdaşlığımız üçün möhkəm zəmin yaradıb".
O, qeyd edib ki, may ayında sonuncu birgə forum çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti ilə Slovakiyanın Eksimbankı arasında Anlaşma Memorandumu imzalanıb:
"Bundan əlavə, 2023-cü ildə biz ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş imzaladıq və bu sazişin 2025-ci il yanvarın 1-də qüvvəyə minməsi gözlənilir və bu, ölkələrimiz arasında biznes mühitini daha da yaxşılaşdırır".