Media nümayəndələri “Qəbələ Konserv Zavodu” ilə tanış olub
Ötən ayın sonları kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Qəbələ Konserv Zavoduna media tur təşkil edilib.
Liderxeber.az xəbər verir ki, tur çərçivəsində Qəbələ Konserv Zavodu MMC-nin əməkdaşı təmsil etdiyi qurum barədə media nümayəndələrinə məlumat verib. Belə ki, o qonaqlara “Natura” brendinin istehsalçısı olan Qəbələ Konserv Zavodunun müasir Avropa texnologiyaları ilə təchiz edildiyini bildirib.
Bununla yanaşı, qonaqlar zavodun iş prosesi ilə tanış olublar. Onlara “Natura” şirələrinin istehsal mərhələləri əyani şəkildə göstərilib.
Qəbələ Konserv Zavodu MMC-nin direktor müavini Rahib Kərimov bildirib ki, şirkət öz istehsal prosesini geniş auditoriyaya təqdim etməkdən məmnunluq duyur: “Qəbələdə istehsal etdiyimiz məhsulların keyfiyyəti və qida təhlükəsizliyi bizim üçün ən önəmli prioritetdir. Biz hər istehsal mərhələsində müasir texnologiyalardan istifadə edərək məhsullarımızın ən yüksək standartlara uyğun olmasını təmin edirik. Yerli bazarda və beynəlxalq arenada keyfiyyətli, həmçinin etibarlı məhsullar təqdim etmək əsas məqsədimizdir”.
Qeyd edək ki, müəssisə Padovan (İtaliya), Sidel (Fransa) və Tetra Pak (İsveç) kimi müasir texnologiyalar ilə təchiz edilib. Belə ki, şirkət həm müştəri tələbləri, həm də dövlətin və beynəlxalq təşkilatların müəyyən etdiyi qaydalara əsasən texnoloji avadanlıqlarını ekoloji tələblərə uyğun şəkildə hazırlayıb. Missiya istehsal və istehlak sahələrində təbii resursların qorunması, ətraf mühitin sağlamlığı və dayanıqlı inkişafın təmin edilməsidir.
Həmçinin zavodda “çirkab su arıtma sistemi” də mövcuddur. Çirkab suların arıtılma və təmizlənməsi, ekoloji baxımdan təhlükəsiz hala gətirilməsi prosesi fiziki, kimyəvi və bioloji arıtma olmaqla üç mərhələdən ibarətdir.
Azərbaycanda ilk dəfə icra edilən NBBR bioloji arıtma texnologiyası da elə məhz Qəbələ Konserv Zavodunda mövcuddur. NBBR texnologiyasının üstünlüyü kiçik həcmli bakteriya hovuzlarında daha effektiv nəticə almaqdır. Belə ki, bu texnologiya çirkab suları arıtmaq, təbii su ehtiyatlarını mühafizə etmək, ekosistemə zərər verməmək, insan sağlamlığını qorumaq və suyun təkrar istifadəsini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilən zavodun illik meyvə şirəsi və konsentratı, sərinləşdirici içkilərinin istehsalat gücü 320 min tondur. Şirkətdə, yerli sakinlərlə yanaşı, Bakı və ətraf rayonlardan cəlb olunan peşəkar mütəxəssislər də çalışır. Müəssisə regionun ən irimiqyaslı meyvə şirəsi və sərinləşdirici içkilər istehsal edən zavodu olmaqla Qəbələ rayonunda işsizliyin aradan qaldırılmasına böyük töhfə verir.
Qeyd edək ki, Qəbələ Konserv Zavodunun istehsalı olan “Natura” brendi 2011-ci ilin martında bazara təqdim olunub. Təbii tərkibli bu meyvə şirəsi və nektarları qatılaşdırılmış meyvə şirəsi və püresindən hazırlanaraq alma, multimeyvə, ananas, albalı, nar, portağal, şaftalı, ərik, qarağat və tomat kimi 10 fərqli dadda istehlakçılarına təqdim edilir.
Səfərin sonunda Rahib Kərimov jurnalistlərin suallarını cavablandırıb. Zavoddan xoş təəssüratla ayrılan media nümayəndələri zavod əməkdaşları ilə birgə xatirə fotosu çəkdiriblər.