Pressa.az » Mədəniyyət » Füzuli teatrının oyanışı: səhnənin tozu arasında görünən talelər

Füzuli teatrının oyanışı: səhnənin tozu arasında görünən talelər

25 noyabr 2025, Çərşənbə axşamı, 05:02
Füzuli teatrının oyanışı: səhnənin tozu arasında görünən talelər

Tələbə teatrşünas kimi yolum bu dəfə Füzuli Dövlət Dram Teatrına düşdü. Doğulub böyüdüyüm şəhərinin teatrı mənə yad deyildi, amma ilk dəfə idi ki, ora tamaşa izləmək məqsədilə gedirdim. Keçən il dərs tapşırığı ilə yeni təyin olunmuş baş rejissordan müsahibə almaq üçün teatra gələndə məşq prosesini görmüşdüm və o zaman içimdə qəribə bir duyğu yaranmışdı , burada nəsə tərpənir, nəsə dəyişir.O gün səhnədə qəribə bir hava vardı sanki divarlar uzun illərin yuxusundan yavaş-yavaş oyanırdı. Son aylarda sosial şəbəkədən teatrın fəaliyyətini izlədikcə bu hissim təsdiqini tapdı teatr tədricən uğurlar qazanırdı. Məni bu dəfə də ora çəkən elə həmin “oyanış” hissi oldu. Teatra 20 dəqiqə tez çatdım. Qapıda dayanan üç qadının söhbəti gözümə ilişdi biri dedi ki, “boş yer olsa, mən də baxaram.” Digəri yarızarafat, yarıgerçək “ Sənin nəyinə lazımdır, yüz dəfə baxmısan.” O isə , “Nolsun ki? Xoşuma gəlir. O mənim talehimdir,” dedi. Bu bir cümlə meni düşünməyə vadar etdi . İnsan öz taleyini səhnədə görəndə niyə səhnəyə bağlanır? Bu bəlkə də ağrının insana verdiyi qəribə istilikdir: yanır, amma isinir; acıyır, amma sağaldır. Ya da bəlkə tamaşa bizim gizlətdiyimiz boşluqların səsi olur? Onu susdurmaq üçün yox, dinləmək üçün gəlirik. Tamaşa Sevinc Elsevərin “ Həyat elə bir oyun ki” monopiyesi idi. Rejissor Mirzə Nicat əsərin təmizliyinə toxunmadan onu səhnəyə köçürmüşdü. Bir qadının ( İntizar Quliyeva ) səhnəni təkbaşına daşıması asan deyil. Monopiyesə oynamaq bəzən bir nəfərlik yox, bir ömürlük cəsarət tələb edir. Amma mənim üçün maraqlı olan başqa bir səhnə vardı : arxamda oturan qadınların reaksiyaları. Aktrisa

ərinin ona etdiklərini danışanda birinin “yazıq dəli olub e” deməsi, digərinin “qolu qırılsın onun” deyə hay verməsi… Onlar tamaşa olduğunu unudurdular. Səhnədəki ağrıya öz evlərinin qapısından baxırmış kimi yanırdılar. Bele məqamda sual yenə doğulur . Bu həssaslıq doğrudan da başqasına yanmaqdır, yoxsa öz içində gizlənən yaraya sığal çəkmək? Heç bilmirəm. Amma tamaşa salonu bəzən insanların kollektiv confession kabinəsinə çevrilir. Tamaşadan sonra rejissor çıxış edərək etiraf etdi ki, hər gün İmişlidən Füzuliyə işə gəlir. İlk anda çoxlarının ağlına gələn sual “görəsən nə qədər maaş alır ki, bu yolu qət etməyə dəyir?” ola bilər. Amma mənim üçün bu başqa cür görünürdü bu qədər yola, yorğunluğa dözmək yalnız sənət eşqinin işidir. Söhbət zamanı məlum oldu ki , aktyorlardan birinin Bakıdan gəlməsi də eyni hekayənin başqa bir versiyasıdır sənət adamının həmişə səhnəyə doğru yeriyən taleyi.Onu da sözün yaxşı mənasında teatrın “sənət fədaisi” adlandırmaq olar . Burada insanı ən çox təsirləndirən şey odur ki, səhnəyə çıxanlar bütün varlıqları ilə inandıqlarını göstərirlər. Bəzən teatrı irəli aparan da məhz bu ruh, bu içdən gələn inam olur. Daha sonra məni Kamal Abdullanın “Ruh” tamaşasının məşqinə dəvət etdilər. Məşq tamaşa salonunda keçirilirdi. Aktyorlar elə oynayırdı ki, elə bil zal doludur. Rejissorun gah alqışlaması, gah replika atması, gah bir aktyorun adını xüsusi vurğuyla səsləməsi bu, bir növ kollektiv ruhçağırma idi. Mirzə Nicatın alqışları yalnız aktyorlara yox, arxa işıq otağında oturan oğlana da, səhnənin kənarında kabelləri yığan işçiyə də gedirdi. Teatrın əsl nəfəsi də elə budur: səhnənin önündə görünən işlə arxada görünməyən işin birgə ritmi. Məşqin dinamikası məndə Bekketin “Godonu

gözləyərkən” ovqatını yaratdı hərəkət var, dayanmaq var, amma hər şeyin içində bir gözləmə tənəffüsü. Və axırda deyəcəyim budur . Füzuli Dövlət Dram Teatrı son bir ildə doğrudan da oyanıb. Yuxudan duran insanlar kimi əvvəlcə əllərini uzadıb işığı yoxlayırlar, sonra addımlarını möhkəmləndirirlər, daha sonra qaçmağa başlayırlar. Hər ay yeni tamaşa bu, artıq təsadüf yox, sistemdir. Burada bir nəfərin iradəsi ilə başlanan dalğa indi bütün kollektivə yayılıb. Səhnədə və səhnə arxasında bir nəfəs dolaşır. Bu nəfəsi duyan hər kəs artıq oyandığını hiss edir. Onlara daha böyük səhnələr, daha gur alqışlar arzulamaq qalır.

Lamiyə Zeynalova

Tələbə-teatrşünas