Pressa.az » Ölkə » Neftçalanın icra başçısı səyyar görüş keçiri

Neftçalanın icra başçısı səyyar görüş keçiri

24 aprel 2026, Cümə, 17:56
Neftçalanın icra başçısı səyyar görüş keçiri
Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Aşağı Surra kəndinin sakinləri ilə keçirib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Aşağı Surra kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbul zamanı Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
 
Çıxış edən natiqlər “Zərifə Əliyeva - Elm fədaisi, əsl insanlıq və şəfqət nümunəsi” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri ilə yadda qalan görkəmli alim, akademik və ictimai xadim kimi tarixdə özünəməxsus yer tutur. Onun oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar yalnız ölkəmizdə deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Zərifə Əliyeva peşəkar fəaliyyəti ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri, humanist yanaşması və insanlara göstərdiyi xüsusi qayğı ilə seçilib. O, həkimlik sənətini yalnız elm deyil, həm də mərhəmət və şəfqət missiyası kimi qəbul edib, minlərlə insana ümid və sağlamlıq bəxş edib. Zərifə xanımın zəngin elmi irsi, gənc tədqiqatçılar üçün örnək olan fəaliyyəti və insanlara olan səmimi münasibəti bu gün də aktuallığını qoruyur. Zərifə Əliyevanın həyat və fəaliyyəti Azərbaycan elmi və səhiyyə tarixində parlaq bir səhifə olaraq gələcək nəsillərə ilham verməyə davam edir.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan elminin və səhiyyəsinin inkişafında silinməz iz qoyan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın zəngin irsi bu gün də böyük ehtiramla yad edilir. Onun həyat və fəaliyyəti yalnız tibbi nailiyyətlərlə deyil, həm də yüksək mənəvi dəyərlər, insanlara sevgi və şəfqət nümunəsi kimi tarixə həkk olunub. Zərifə xanım Əliyeva oftalmologiya sahəsində əldə etdiyi mühüm elmi nəticələrlə təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda da tanınan alimlərdən biri olub. Zərifə xanım xüsusilə peşə xəstəlikləri nəticəsində yaranan göz problemlərinin araşdırılması istiqamətində apardığı tədqiqatlarla böyük nailiyyətlər əldə edib və bu sahədə yeni müalicə üsullarının tətbiqinə öncüllük edib. Zərifə xanımın elmi fəaliyyəti ilə yanaşı, onun pedaqoji fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. O, gənc kadrların yetişdirilməsinə daim diqqət göstərib, öz bilik və təcrübəsini böyük səxavətlə bölüşüb. Zərifə Əliyeva üçün elm yalnız peşə deyil, həm də cəmiyyətə xidmət missiyası idi. Onun şəxsiyyəti yüksək humanizm, sadəlik və qayğıkeşlik kimi keyfiyyətlərlə səciyyələnirdi. Pasiyentlərinə və tələbələrinə münasibətdə göstərdiyi diqqət və həssaslıq onu hər kəsin qəlbində əbədi yaşadan əsas amillərdən biridir. Bu gün Zərifə xanım Əliyevanın irsi Azərbaycan səhiyyə sistemində və elmi mühitdə yaşayır, yeni nəsil alimlər üçün ilham mənbəyi olaraq qalır. Onun həyat yolu elmə sədaqətin, insanlığa xidmətin və mənəvi ucalığın parlaq nümunəsidir.
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. 
 
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, evinin sənədləşməsinə köməklik, elektrik təsərrüfatının yenilənməsi, işlə təmin olunma, kənd həkim məntəqəsinin və folklor evionin təmir olunması, subsidiyanın verilməsi, drenaj kanalının qazılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.
1
1
1
1